Prezident İlham Əliyev (Allah onu qorusun) “Balıqçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə fərman imzalayıb
905 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qorusun) “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzaladı.
Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını, eləcə də, balıqçılıq subyektlərinin uçotunun formasını və aparılması qaydalarını üç ay müddətində müəyyən edib prezidentə məlumat verməlidir.
Nazirlər Kabineti həmçinin, balıq və digər su bioresursları ovunun qaydalarını, akvakulturanın həyata keçirilməsi qaydasını dörd ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir. Nazirlər Kabineti bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması hallarını və qaydasını, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək də Nazirlər Kabinetinə həvalə olunub.
Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması qaydasını isə Nazirlər Kabineti dörd ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi qaydasını, su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Bundan başqa, akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq edilən vergi azadolmalarının və güzəştlərinin müəyyən edilməsi ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək də Nazirlər Kabinetinə tapşırılıb.
Nazirlər Kabineti müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməli və qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Fərmana əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və Azərbaycan Nazirlər Kabinetinə məlumat verməlidir.