Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) iftarda iştirak etdi

İyul 18
16:55 2014

Prezidentin rəsmi saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu vurğulayıb. Şeyxülislam qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib. Ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan şeyxülislam respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini deyib.

Azərbaycanda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam böyük tarixə malik məscidlərin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirib.

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırıb.

Dövlət başçısı mərasimdə çıxış edib.

Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Əsası ulu öndər Heydər Əliyev (Allah ona rəhmət etsin) və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirib.

Dövlət başçısı ölkəmizin daim milli və dini dəyərlərə sadiqlik nümayiş etdirdiyini deyib. Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd edib.
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini vurğulayan Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib.

Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğulayıb. Bunu ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsi kimi qiymətləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev hərtərəfli güclənən Azərbaycanın işğal altında olan torpaqlarını da azad edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoqun inkişafına dəyərli töhfələr verdiyini, Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirdi, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğulayıb, bir daha ən xoş arzularını bildirib.

Sonra iftar süfrəsi açılıb.

“Kim oruc tutana iftar verərsə ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi.)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər