Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
1. 367 dəfə baxılıb
Trend xəbər verir ki, iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Azərbaycan bərpa olunan və alternativ enerji potensialı ilə zəngin ölkədir. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması energetika sektorunda sürətli inkişaf istiqamətində görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb.
“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”, – deyən Prezident İlham Əliyev bu sahənin yaradılmasında tarixi işlər görüb.
Xatırladaq ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısının Fərmanına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov burada görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Qeyd edilib ki, inşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq. Stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə – günəşdən enerji alaraq onu saxlamaq imkanına – malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Alternativ və bərpa olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək üçün yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səyyar laboratoriyasının köməyi ilə istənilən ərazidə günəş, su, külək elektrik stansiyasının quraşdırılmasının səmərəliliyi yoxlanılır.
Dövlətimizin başçısı stansiyasının idarəetmə mərkəzində olub. Daha sonra Prezident İlham Əliyev 2020-ci ilədək Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinə baxıb. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır. Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verib.
Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 12-ci ayə).
“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq
çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər.” (Bax “Təfsir Əs-Saadi”).