Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə axund vəzifəsinin ləğvinə – BAŞLADI
1. 777 dəfə baxılıb
“İstəyirik ki, “İslam Həmrəyliyi ili” çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının bir neçə ay əvvəlki toplantısında demişdi. QMİ sədri bildirmişdi ki, “axund” sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Sədrin açıqlamasından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında qərar qəbul edildi. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilməli və bütün məscidləri idarə edənlər imam statusu almalıydılar.
Maraqlıdır, qərar nə zaman tətbiq olunacaq?
Selefxeber.az-ın məlumatına görə, bununla bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı “Modern.az”a açıqlama verib:
“Qeyd edilən qərar artıq icra olunmağa başlayıb və yeni təyin olunanlara şamil edilir. Yəni bundan sonra kim vəzifəyə təyin ediləcəksə, həmin tarixdən etibarən onun vəzifəsi “imam” şəklində yazılacaq”.
Q.Cavadlı həmçinin məsələyə yenidən aydınlıq gətirib:
“Sənədlərdə axundların ümumiləşdirilmiş adı imam olacaq. Çünki axund tarixizmdir, köhnə ifadədir. Məsələn, bu gün heç kim “münəccim” demir. Bu da termin istilahıdır. Vəzifə olaraq təbii ki, axundlar öz vəzifələrində qalacaqlar. Sadəcə adları dəyişdirilib “imam xətib”, “imam naib”, “imam cümə” kimi ifadələrlə əvəz olunacaq. Bu, bütün dünyada da qəbul edilmiş formadır. Azərbaycan da bu məsələdən kənarda qalmaq istəmir”.