Qamət Süleymanov: “İŞİD radikal xəvaric qrupdur”
4. 602 dəfə baxılıb
“Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov Azərbaycanda İŞİD Xəvaric qruplaşmasının təhlükəsi barədə Publika.az-a müsahibə verib.
– Son günlər hər kəs İŞİD-dən danışır. Bildiyiniz kimi, bu qrup Azərbaycanla bağlı da təhlükəli açıqlamalar vermişdi. İŞİD Azərbaycanın üzərinə gələrsə, sələfilər hansı mövqeni tutacaq?
– İŞİD radikal dini qrupdur. Mötəbər alimlərdən heç biri onları qəbul etmir. Azərbaycan sələfilərinin mövqeyi onlara qarşıdır. Hesab edirəm ki, belə bir şey olarsa, Azərbaycandakı sələfilər onları dəstəkləməz.
– Yəni dövlətin yanında olacaqsınız?
– Biz İŞİD-ə qarşı olacağıq. Onlar xəvaric fikirlərə qarışmış insanlardır. Amma onu da deyim ki, İraqda, sadəcə, İŞİD şişirdilib. Ümumiyyətlə, İraqda Maliki hökumətinə qarşı ərəb sünniləri qalxıblar. İŞİD onların, bəlkə də, 10 faizidir. Lakin təbliğat elə gedir ki, sanki hamısı İŞİD-dir.
– Maraqlı bir məqam var ki, İŞİD İraqa girəndə əhli-sünnəyə toxunmadı.
– Dediyim kimi, İraqda Maliki hökumətinə qarşı döyüşən qrupların hamısı İŞİD deyil. Orada əsas qruplar əhli-sünnilərdir. Biz bilirik ki, İŞİD Suriyada, əsasən, müxalifəti öldürürdü. Sadəcə, İraqda İŞİD tək olmadığına görə bəziləri əhaliyə toxunmur. Həm də İŞİD-in əvvəli İraq İslam Dövləti idi. Əsas əmiri Bağdadi idi, üzvləri də iraqlılardan ibarət idi. Amerikanlar onları dağıdandan sonra Suriyaya keçərək Əl-Qaidə və Ən-Nusraya qoşuldular. Bir müddət döyüşəndən sonra ayrıldılar. Ən-Nusradan olanlar təkfir fikirləri ilə deyil, cihad fikirləri ilə seçilirlər. Ən-Nusrada təkfirə meyillilər İŞİD-ə qoşuldu və İraq Şam İslam Dövləti oldu. Amma, əslində, İraq İslam Dövlətidir. Suriyadakı İŞİD İraqdakı İŞİD-dən fərqlidir. Sadəcə, İraqda İŞİD-ə çox adam qarışıb.
– Onların məqsədləri də fərqlidir, yoxsa?
– Məqsəd baxımından da başqadırlar. İŞİD ayrıca təkfirçi dəstədir. Amma İraqda döyüşən digər qruplarsa etirazçı olaraq Malikiyə qarşı döyüşənlərdir.
– Bu axının Azərbaycana təsiri nə dərəcədə ola bilər?
– Azərbaycana təhlükə yoxdur. Sadəcə olaraq, bu fikirdə olan adamlar var. İŞİD-dən əvvəl də var idi. Bu gün İŞİD-i dəstəkləyənlər də var. Bu, müəyyən qədər problemdir. Amma real təhlükə görünmür. Çünki mənə elə gəlir ki, azərbaycanlılar da Malikinin çağırışlarını qəbul etmir. Əgər Maliki dəyişsə, amerikanlar İŞİDİ-i vuracaq.
Hesab edirəm ki, Əbu-Bəkr məscidi bağlanandan sonra ölkədə radikallıqla bağlı böyük fəsadlar baş verdi. Radikal qruplar sosial şəbəkələrdə çağırışlara başladılar. Suriyaya gedənlər oldu. Ona görə də Azərbaycanda radikallığa qarşı ən böyük addımlardan biri “Əbu-Bəkr”in açılmasıdır.
– İŞİD-i dəstəkləyənlər kimlərdir? Ölkə ictimaiyyəti, adətən, sələfilərlə İŞİD-i eyni tutur. Sosial şəbəkələrdən də görürük ki, İŞİD-in təbliğatını aparanlar özlərini sələfi olaraq təqdim edirlər.
– Onlar sələfi deyillər. Təbii ki, təkfirçi olduqlarını qəbul etmirlər. Lakin fikirlərində, çağırışlarında sələfi olduqlarını görmək olur. Sələfi olan İŞİD-i dəstəkləməz. Onlar azmış dəstələrdir. İŞİD-i dəstəkləyən özünə sələfi deməsin. Onlar yalançılardır.
– Yeri gəlmişkən, bu gün sələfilər, əsasən, harada ibadət edirlər?
– Sələfilər hazırda Qaraçuxur və İlahiyyat məscidlərində ibadət edirlər.
– Bu günlərdə Ləzgi məscidində radikal dini qruplara qarşı əməliyyat keçirilməsi xəbəri yayıldı. Bu barədə nə deyə bilərsiniz?
– Bu məlumat düzgün deyildi. Sadəcə olaraq, Ləzgi məscidində cümə namazlarına polis nəzarəti var.
– Azərbaycanlıların Suriyaya getməsi əvvəllər daha intensiv idi. Son vaxtlar bu bir qədər azalıb sanki.
– Gedənlər onsuz da gedir. Bunu idarə etmək çətindir. Amma saylarının nə qədər olduğunu demək çətindir. Çünki onlar getdiklərini açıq şəkildə demirlər və gedəndə hətta valideynlərini belə aldadırlar. Sadəcə olaraq, əvvəllər orda öldürülənlərin fotoları yayılırdı və bu, cəmiyyətdə əks-effekt yaradırdı. İndi isə bu bir qədər azalıb.
– Hesab etmək olar ki, Suriyaya getməyə meylli olanlar indi də İraqa gedəcəklər?
– Məlumatlar göstərir ki, İŞİD-də azərbaycanlılar da var. Eyni zamanda, Ən-Nusra və digər dəstələrə də qoşulanlar var. Amma təkfir fikirlilər, əsasən, İŞİD-ə qoşulmağa meyllidirlər.