“Qəbiristan mollalarının yolundan ayrılmalıyıq” – TƏNQİD
870 dəfə baxılıb
“Sələf Xəbər”-in teleqraf.com-a istinadən xəbərinə görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treyninqdə çıxışında bildirib ki, “dünyanın bugünkü qədər mürəkkəb problemlərlə dolu olduğu dövr olmayıb”.
“İndi dünya əvvəldən ölçülüb-biçilmiş şəkildə idarə olunur. Dünya etnik, milli toqquşmalar dövrünü yaşayır. Bunlar hamısı böyük güc mərkəzlərinin planlaşdırılmış işləridir”, o deyib.
Y.Mahmudov onu da qeyd edib ki, bu gün üçüncü dünya müharibəsi gedir. Bu müharibədə əsasən, Asiya qitəsi ölkələri uduzur. “Bizi gözləyən çətinlikləri islam aləminə çatdırmalı və mənsub olduğumuz dinlə bağlı fikir mübadiləsi aparmalıyıq. Bu baxımdan bu gün dini, milli-mənəvi dəyərlərimiz mövzusunda tədbirlərin keçirilməsi vacibdir. Çünki sabah gec ola bilər. Hazırkı dünyada müsbət çağırışlar var. Sərhədlər açılır, dövlətlər bir-biri ilə əlaqəyə girir.
Bu gün “şirin yollarla” üçüncü dünya müharibəsi gedir. Güc mərkəzləri başqa dövlətlərin sərvətlərini asanlıqla mənimsəyə bilirlər. Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Sahib çıxan isə öz tarixi keçmişini yaxşı bilir. Bu baxımdan yad qüvvələrdən qorunmaq üçün tariximizi öyrənməliyik.”
Y.Mahmudov sözlərinə görə, bugünkü müharibədə əsas üsullardan biri də dindir: “İslam dinini aradan qaldırmaq üçün güclü qüvvələr tərəfindən düşünülmüş təxribat aparılır. İslamdakı təriqətlərin çoxu Qərbdən yaradılır. Buna əminəm və bu, qəsdən edilir. Məqsəd islamı terrorçu kimi təqdim edib, sonra da bu istiqamətdə mübarizəyə başlamaqdır. Bundan başqa, ölkə ərazisində müxtəlif dini təriqətlər yayılıb, bu, ölkə, dinimiz üçün təhlükəlidir. Buna görə də Məhəmməd peyğəmbərin yaratdığı, maarifçi islamı yaymalıyıq. Qəbiristan mollalarının yolundan ayrılmalıyıq. İslamın həmin mollalar səviyyəsinə enməyə qoymamalıyıq, əksinə layiq olduğu səviyyəyə qaldırmalıyıq”.