Qəbul imtahanlarında abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb
898 dəfə baxılıb
Bu il Azərbaycanda I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.
Selefxeber.az-ın məlumatına görə APA-nın qəbul imtahanları haqqında apardığı araşdırması nəticəsində məlum olub ki, bu il hər dörd qrup üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imtahanı qazanıb. 44 160 nəfəri isə 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56%-dən çoxunu təşkil edir.
Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 10 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə – 700 bal toplayıb.
Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Müqəddəs Quran, “Mücadilə” surəsi, 11-ci ayə).
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.”(Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12)”