QMİ sədri: “Terroru başlanğıcdan görmək lazım idi”
679 dəfə baxılıb
“Amma onlar bilmirlər ki, bu bəla sonda onların özünə qarşı qayıdacaq və qayıtmaqdadır”.
“Bu gün Fransada baş verənlər böyük və ciddi məsələdir. Vəziyyət ona görə bu yerə gəlib çatdı ki, böyük dövlətlər digər yerlərdə baş verən terrorları vaxtında görmədi”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, böyük dövlətlər illər əvvəl müxtəlif yerlərdə, o cümlədən 1990-cı ilin yanvarında Bakıda, sonra Xocalıda baş verən terror hadisələrini görsəydi, bu gün Parisdə, Livanda dünyanı şoka salan hadisələr baş verməzdi: “Terroru başlanğıcdan görmək lazım idi. Çox təəssüf ki, bəzi dövlətlər hansısa maraqlarını qorumaq naminə terroru əl altdan dəstəkləyir, bundan istifadə edir. Amma onlar bilmirlər ki, bu bəla sonda onların özünə qarşı qayıdacaq və qayıtmaqdadır”.
Allahşükür Paşazadə deyib ki, İslam sülh dinidir, terror dini deyil: “Terrorun İslamla heç bir əlaqəsi yoxdur. Bu gün terroru İslamla əlaqələndirənlər anlamırlar ki, bu, terrorla mübarizədə səhv yoldur. Bu gün bütün güclü dövlətlər, dini liderlər, ictimai siyasi xadimlər birləşməsələr, bu bəla getdikcə dərinləşəcək. Biz terrora qarşı birdə mübarizə aparmalı, onun qarşısını almalıyıq”.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)