R. Hüseynov: “Terrorçuluqda ad çıxarmış bir ölkənin başqalarına şər atması…”
858 dəfə baxılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında “Parisdə terror hücumları: demokratik qüvvələrin birgə cavabı” adlı hesabat ətrafında müzakirələr aparılıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışı zamanı Avropa Şurası üzvləri arasında Azərbaycanın terror faciələrindən ən çox əziyyət çəkmiş ölkə olduğunu qeyd edib.
“Mən ilk növbədə erməni həmkarlarımızın az öncə ifadə etdikləri yalan, həqiqətlə heç bir əlaqəsi olmayan, auditoriyanı çaşdırmaq məqsədi güdən saxta sözlərini qətiyyətlə rədd edirəm. Terrorçuluqda ad çıxarmış bir ölkənin başqalarına şər atması, öz adlarını başqalarına qoyması heç bir məntiqə sığmır. Terrorçuluq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və onların özlərinə aid olan adı başqalarına vermələri gülməli olsa da, təəccüblü deyil. Çünki belə davranışlar artıq Ermənistanın simasına, həyat tərzinə çevrilib”, – deyə o vurğulayıb.
R. Hüseynov bildirib ki, Bakı metrosunda ermənilər tərəfindən törədilən, çoxsaylı qurbanları olan terror aktı Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasında 12 nəfərin həyatını itirməsi ilə nəticələnən terrorla prinsipcə eyni faciələrdir: “Hər terror aktı insanlığa qarşı növbəti qəsddir və demək, ona qarşı mübarizədə dünyanın bütün normal düşünən insanları həmrəy olmalı, etiraz səslərini birgə qaldırmalıdırlar. Bəlkə də Azərbaycan terrorun ağrısını, dəhşətin Avropa Şurası ailəsindəki digər ölkələrə nisbətən daha yaxından və çılpaqlığı ilə hiss edir. Çünki biz artıq 30 ilə yaxındır ki, Ermənistan tərəfindən dövlət səviyyəsində gerçəkləşdirilən terrorizmlə üz-üzəyik”.
Millət vəkili Parisdə törədilmiş cinayətin motivindən danışaraq qeyd edib ki, hücuma məruz qalan jurnal əvvəllər də bir neçə dəfə İslam Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) karikaturalarını dərc edib: “Bunu ifadə azadlığının bir görüntüsü kimi yozanlar da var. Amma söhbət, axı, həm də milyonlarla insanın dini heysiyyətinə qarşı həqarətdən gedir. Bu isə, əslində, terrorun başqa bir şəklidir. Mənəvi terrorla silahlı terror arasındakı sərhəd çox şəffafdır. Son illərdə dinlər və mədəniyyətlər arası dialoq səmtində hər zaman olduğundan daha ardıcıl, daha sistemli iş aparılmasına baxmayaraq, bu sahədə qarşıdurmalar yaratmağa, ziddiyyətləri dərinləşdirməyə səy edənlər də müşahidə edilir. Həm də vəziyyəti diqqətlə öyrənəndə anlayırsan ki, ziddiyyətlər cəmiyyətin içərisindən gəlmir, əksinə cəmiyyətə ötürülür”.
R. Hüseynov qeyd edib ki, dünyanın hər yerində terrorçuları qanunun bütün amansızlığı ilə cəzalandırmağa çağırışlar etmək hər kəsin vicdan borcudur: “Siz necə düşünürsünüz, bunun mənası nədir? Bu, milyard yarımlıq müsəlman dünyasının heysiyyətini alçaltmaq üçün edilən növbəti cəhddirmi, ya hansısa dini fanatiklərin bu cür həqarətlərə qarşı yeni terrorlar törətməsi üçün bir təxribatdır, yaxud söz azadlığının təntənəsidir? Dünyanın hər yerində, hər zaman, o cümlədən, Parisdəki faciə ilə bağlı terrorçuları qanunun bütün amansızlığı ilə cəzalandırmağa çağırışlar etmək hər kəsin vicdan borcudur. Amma terrora təkan, bəhanə vermiş səbəbi bir az qəlizləşdirməyə, dərinləşdirməyə dəvət, təhrik edən bu qəbil murdar səslərin də dərhal kəsilməsi üçün mübarizədə hamı yekdil olmalıdır”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)