Ramazan ayı ilə bağlı fətva verildi
1. 142 dəfə baxılıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
“Sələf Xəbər”in Publika.az-a istinadən məlumatına görə, Qazılar Şurasının bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq, Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 18-nə) təsadüf edəcək.
QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabça hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən Şəvval ayının 1-i (18 iyul) Fitr bayramıdır.
Qeyd edək ki, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə qeyd oluna bilər. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd edilə bilər. Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında verilir.
Ötən il müqəddəs ay iyun ayının 29-da başlamışdı. Nazirlər Kabineti bu il Ramazan bayramının 17, 18 iyulda qeyd ediləcəyini açıqlamışdı.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar)”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 183,184-cü ayələr)
“Oruca riayət etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Uca Allah bildirir ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə tutmağa yol vermişdir. Xəstəlik və uzaq yola çıxmaq, adətən, insanlar üçün çoxlu çətinliklər törədir və buna görə Allah belə hallarda orucu pozmağa icazə verir. Lakin oruc hər bir mömin üçün olduqca xeyirli ayindir və buna görə Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir.
Az sayda günlərin xatırlanması ona dəlalət edir ki, müsəlman buraxdığı oruc günlərini əvəz edərkən, ramazan ayında ötürdüyü günlərin sayına bərabər günlər qədər oruc tutmalıdır və eyni zamanda, buraxılmış yarım gün əvəzinə bütöv bir gün oruc olmalıdır. Əvəz edərkən buraxılmış qısa və soyuq gün əvəzinə, bir uzun və isti hava günü və əksinə, oruc tutulmasına icazə verilir”. (Bax: “Təfsir Əs-Saadi”)