Ramil Usubov: “Bir daha tələb edirəm ki, silahları təcili təhvil versinlər”
731 dəfə baxılıb
Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
“Müsəlman Birliyi” adlanan silahlı qurumun məqsədi Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olub”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov deyib.
Onun sözlərinə görə, konstitusion quruluşu dəyişməyə yönələn bu cür cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır: “Ona görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan qanunlarına tabe olması üçün ciddi tədbirlər görülsün. Bu tədbirlə görülməyə başlandı. İlk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanları əməkdaşlarına qarşı avtomat və qumbaralar işlədildi. Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı iki əməkdaşımız şəhid oldu”.
Ramil Usubov xatırladıb ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də baş verib, 2005-ci ildə iki polis əməkdaşı bu qəsəbədə qətlə yetirilib. Ümumilikdə, indiyədək Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb.
Daxili İşlər naziri onu da deyib ki, Nardaranda getdikcə kriminogen durum pisləşir, kriminal hadisələrin sayı artırdı: “Hətta, kənarda yaşayan və Nardaranda torpaq sahələri, evləri olan insanlar orada yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi”.
Ramil Usubovun sözlərinə görə, bütün bu halların qarşısının alınması üçün noyabrın 26-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nardaranda xüsusi əməliyyat keçiriblər: “Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 5 nəfər hadisə zamanı məhv edilib. Baş Prokurorluq tərəfindən intensiv istintaq işləri aparılır. Daxili işlər orqanları vəziyyəti tam nəzarət altına alıb. Dünən və bu gün heç bir insident baş verməyib”.
Nazir bildirib ki, hüquq-mühafizə orqanları dörd gündür Nardaran sakinlərindən silahı yerə qoymaq, əllərdə olan silahları könüllü təhvil verməyi tələb edir: “Təəssüflər olsun ki, bu günə qədər bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Bir daha tələb edirəm ki, əllərdə olan silahları təcili qaydada orada olan polis postlarına təhvil versinlər. Silahı könüllü təhvil verən şəxslər barəsində cinayət işi başlanılmayacaq”.
Ramil Usubov məlumat verib ki, xüsusi əməliyyat nəticəsində indiyədək 6 avtomat silah, çoxlu sayda tapança, partlayıcı maddələr, partlayıcı qurğular götürülüb və bu sahədə işlər davam etdirilir.
“Bu gün Nardaran istisna olmaqla Azərbaycanın hər yerində əmin-amanlıqdır. Vətəndaşlar adi qaydada yaşayır, istədikləri yerə sərbəst hərəkət edə bilirlər. Ölkəmiz, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir, – deyən Ramil Usubov bildirib ki, Azərbaycana gələn əcnəbilər, iş adamları indiyədək olduğu kimi təhlükəsiz şəraitdə fəaliyyət göstərə bilərlər.
Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır”. (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3)