Ramil Usubov Döyüş Bayrağını təqdim edib
918 dəfə baxılıb
Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş mərasim keçirilib.
“Sələf Xəbər” “a24.az”a-a istinadən bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Daxili İşlər naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş Döyüş Bayrağını hərbi hissənin komandirinə təqdim edib.
Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək DQ-nin inkişafından və xüsusilə son illərdə əldə etdiyi uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına, müasir maddi-texniki bazaya malik bir quruma çevrilib.
Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində Dövlət başçımızın, Daxili İşlər nazirinin əmr və göstərişlərinin mütəmadi olaraq həyata keçirildiyini qeyd edən komandan bildirib ki, bu xüsusi diqqət və qayğıya şəxsi heyət öz layiqli xidməti ilə cavab verəcək, Döyüş Bayrağını hünərlə, böyük fədakarlıqla qoruyacaq, dövlətimizə və xalqımıza həmişə sədaqətli olacaq.
O da vurğulanıb ki, hər bir azərbaycanlı üçün üçrəngli, ay-ulduzlu bayrağımız millətimizin, dövlətimizin qürur mənbəyi olduğu kimi, Döyüş Bayrağı da hərbi qulluqçu üçün şərəf, vicdan və hünər rəmzidir. Döyüş Bayrağına ehtiramla yanaşmaq, ona hörmət göstərmək hər bir hərbi qulluqçunun müqəddəs vəzifəsi və borcudur.
Sonra Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.