Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Azərbaycanda hərbi baza tikmək istəyir

Avqust 18
15:49 2015

Rusiya tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı məlumat yayıb. Telekanal bildirir ki, hazırda Rusiya istənilən hava hücumundan müdafiə olunmağa imkan verən “qalxana” malikdir.

“Nebo-U” və “Voronej-DM” radiolokasiya stansiyaları, habelə Avropada raketdən müdafiə sisteminin qorxulu yuxusu olan S-400 “Triumf” zenit-raket kompleksləri bu qalxanın – Rusiyanın Hava Hücumundan Müdafiə Qoşunlarının zərbə gücünü təşkil edir. “Nebo-U” radiolokasiya stansiyası öz sinfində Rusiyanın Hava Hücumundan Müdafiə Qoşunlarının əsas silahıdır.

Geniş imkanlara malikdir və istənilən tip təyyarəni, o cümlədən “stels” texnologiyası istifadə edən təyyarələri, qanadlı raketləri və idarə olunan kiçikölçülü, səsdən iti uçan və ballisistik raket tiplərini aşkar edir.

Bu RLS sözün əsl mənasında qarşısına keçən hər şeyi görür: hədəfin sinfini, onun hansı dövlətə məxsus olduğunu müəyyən edir, onu bütün hərəkət marşrutu boyu müşayiət edib məlumatları anbaan ötürür.

Desimetrlik dalğa diapazonunda işləyən “Voronej-DM” RLS-lərinin imkanları da olduqca genişdir. Telekanal qeyd edir ki, hazırda Leninqrad vilayətində yerləşən “Voronej-DM” RLS-i Almaniyanın Şpitsbergen əyalətindən tutmuş Mərakeşə, ABŞ-ın şərq sahillərinə qədər əraziləri izləyir.

Kalininqrad vilayətində yerləşən eyni tip RLS isə bütün Avropa ərazisini, o cümlədən Böyük Britaniyanı nəzarətdə saxlayır. Armavirdəki “Voronej-DM” RLS-i Avropanın cənubundan şimali Afrikaya qədər hava məkanını müşahidə edir. İrkutskdakı eyni tip RLS-in vəzifəsi isə ABŞ-ın qərb sahillərindən Hindistana qədər əraziləri izləməkdir.

Telekanal daha sonra bildirir: ““Voronej” stansiyalarının yenilərinin quraşdırılması davam edir. Özü də təkcə Rusiyada yox. Planlaşdırılır ki, 2017-ci ildə Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzində “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq. Yeni stansiya müstəsna olaraq Rusiyanın tabeçiliyində olacaq və bu da imkan verəcək ki, Armavirdəki RLS-in “əlinin çatmadığı” sahələr də izlənilsin”.

Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi.

Rusiya Müdafiə Nazirliyi bildirdi ki, Qəbələ RLS-in izlədiyi əraziləri bundan sonra Armavirdə yeni quraşdırılan “Voronej-DM” tipli RLS izləyəcək. Bununla da Azərbaycanda Rusiyanın sonuncu hərbi obyekti də bağlanmış oldu və Rusiyanın ölkəmizdə hərbi iştirakı sona çatdı.

İndi Rusiyanın Azərbaycanda yeni tikməyə hazırlaşdığı “Voronej” tipli RLS-in əsas xüsusiyyəti və üstünlüyü onun zavod şəraitində hazırlanmasıdır. Stansiya 23 komplekt aparaturadan ibarətdir və 18-20 aya quraşdırılıb döyüşə hazır vəziyyətə gətirilir. Qəbələdəki “Daryal” tipli RLS-in tikintisi üçün isə 5-9 il lazım gəlirdi.

Digər xəbərlər