Rusiya yeddi rayonu qaytara bilər
747 dəfə baxılıb
Uzun müddətdir ki, Rusiya və Azərbaycan arasında Qarabağla bağlı danışıqlar prosesi gedir və bununla bağlı müsbət nəticələr var.
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Bakıda Rusiya və Azərbaycan Xarici İşlər nazirləri səviyyəsində baş tutan görüşdə hər iki tərəf siyasi mesajlarını rəhbərliyin diqqətinə çatdırıb:
“Lavrovun son səfəri göstərdi ki, Rusiya NATO-nun Qafqazda irəliləməsindən olduqca narahatdır. Düzdür, mətbuata açıq formada bildirilməsə də, çox güman ki, ikitərəfli görüşdə Dağlıq Qarabağ məsələsi ön planda olub. Səfər çərçivəsində ermənilərin cəbhə xəttində fəallıqlarının artması isə ona işarədir ki, İrəvan bu səfərdən narahatdır. Çünki Ermənistan çox yaxşı bilir ki, Lavrov Putinin tapşırığı ilə Bakıya gəlib. Fakt odur ki, Azərbaycan beynəlxalq siyasətin formalaşmasında yaxından iştirak edir və buna görə Moskva Bakı ilə hesablaşmaq məcburiyyəti qarşısında qalıb. Lavrov Bakıda Putinin fikirlərini Azərbaycan siyasi rəhbərliyinə, Bakı isə öz növbəsində qarşı tərəfə Qarabağla bağlı ismarıcını göndərib. Uzun müddətdir ki, iki ölkə arasında Qarabağla bağlı danışıqlar prosesi gedir və bununla bağlı müsbət nəticələr var. Rusiyanın yeddi rayonun geri qaytarılması ilə bağlı razılığı var. Sadəcə olaraq, bunu reallaşdırmaq barədə hələ ki son nəticəyə gəlinməyib. Bir sözlə, Rusiya Azərbaycanın şərtlərini yerinə yetirərsə, bu, Moskva ilə strateji əməkdaşlığın bütün qaydalarını yerinə yetirməyə yol aça bilər”.
Sələf Xəbər: Uca Allahdan düşmən tapdağında olan torpaqlarımızın tezliklə geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!