Səfir: “Fransadakı hadisənin dinlə əlaqəsi yoxdur”
859 dəfə baxılıb
“Ümid edirəm ki, Avropa liderləri öz cəmiyyətlərində müsəlmanlara qarşı nifrət yaranmasına imkan verməyəcəklər”
“Mən əminəm ki, insanlar Fransadakı hadisənin İslam dini və ya müsəlmanlıqla əlaqəsi olmadığını anlayacaq. Bu hadisə cinayətkar radikallar tərəfindən törədilib. Onların törətdiyi dəhşətli cinayət İslam dininin bütün prinsiplərinin əksinədir”.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Abdulkərim açıqlamasında deyib.
Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunu şərh edən diplomat bildirib ki, belə bir cinayət xristianlar, yəhudilər, buddistlər tərəfindən də törədilə bilərdi: “Bu əməl dini təmsil etmir, çünki bütün dinlər ləyaqət prinsipinə əsaslanır, xüsusilə, İslam. Təbii ki, belə bir hadisə qınanacaq, insanlar düşünəndə ki, bu vəhşilikləri müsəlmanlar törədib, onların fikirləri qarışacaq. Əminəm ki, Avropanın siyasi liderləri müxtəlif icmaların birləşməsi məsələsi üzərində işləyəcəklər”.
Səfir ümid edir ki, Avropa liderləri öz cəmiyyətlərində Avropada yaşayan müsəlmanlara qarşı nifrət yaranmasına imkan verməyəcəklər: “Ekstremistlər və ifrat sağ qüvvələr buna çağırış edirlər. Bu qüvvələrin ideyalarının yayılmasına imkan verilməməlidir. Burada mən Avropa liderlərinin məsuliyyətindən danışıram, onlar ekstremist və rasistlərin cəmiyyətin müxtəlif təbəqələri arasında sosial münaqişə yaratmasına imkan verməməlidir. Əminəm ki, cəmiyyət siyasi rəhbərliyin yardımı ilə bu problemi həll edəcək”.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fətava əş-şəriyyə fi qadayə əl-asriyyə” 47)