Səfirimiz etimadnaməsinin surətini təqdim etdi
700 dəfə baxılıb
BƏƏ-nin dəyişməz mövqeyi Azərbaycanda yüksək dəyərləndirilir.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni təyin olunmuş səfiri Daşqın Şikarov etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, Səfirlikdən verilən məlumata görə, dost və qardaş BƏƏ-də səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən D.Şikarov ölkələrimizi bağlayan əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxarmaq istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.
Səfir BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərini xatırladıb, bu səfərin iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd edib.
Azərbaycan səfirini yeni təyinat münasibətilə təbrik edən nazirin birinci müavini ona fəaliyyətində müvəffəqiyyətlər diləyib və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətə çatdırıb.
Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ölkəmizə səfərinə toxunan XİN rəsmisi həmin səfərin uğurla keçdiyini vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.
BƏƏ nazirinin birinci müavini Azərbaycan səfirinin öz diplomatik fəaliyyətinə uğurla başladığını vurğulayıb və belə uğurların davamlı olmasını arzu edib.
Sonra BƏƏ Xarici İşlər nazirinin protokol məsələləri üzrə müavini Şihəb Əl-Fəhim ilə görüş olub.
Görüşdə səfir D.Şikarovu təyinatı münasibətilə təbrik edən nazir müavini ona fəaliyyətində uğurlar diləyib. O, fəaliyyətinin uğurlu olması üçün səfirə lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
D.Şikarov onun dost və qardaş ölkədə səfir vəzifəsinə təyinatından sevinc hissi duyduğunu deyib. O, fəaliyyət göstərəcəyi müddət ərzində iki dost və qardaş ölkə arasındakı əlaqələrdə hərtərəfli yüksəlişə nail olmağa səy göstərəcəyini vurğulayıb.
Hər iki görüşdə qarşı tərəfə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar haqqında məlumat verilib. Həmçinin münaqişə ilə bağlı BƏƏ-nin dəyişməz mövqeyinin Azərbaycanda yüksək dəyərləndirildiyi qeyd edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi, bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış, onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, onlar qohumluq münasibətləri yaradır, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər. Onlar tənhalıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, lakin Allah onlara rəhm edərək, onları xalqlar və qəbilələr toplusu halına gətirmişdir ki, onlar birgə yaşayaraq, mehriban qohumluq münasibətləri saxlasınlar. Lakin nə çoxsaylı qohumlar, nə böyük bir xalqa mənsubluq, nə də adlı-sanlı mənşəyə mənsubiyyət insanın Allahın hörmətinə və mərhəmətinə layiq olmağa kömək etməz, çünki Onun insanlar arasından ən çox hörmət etdiyi – ən çox xeyirxah və ən çox təqvalı olan qullarıdır ki, onlar Ona itaət edir və günahlardan çəkinirlər.
Allaha qulları haqqında hər şey məlumdur. O (Pak və Müqəddəs), bilir ki, onlardan kimisi özünü elə aparır ki, sanki Ondan qorxur, kimisi də həqiqətən Allahdan qorxur və O (Pak və Müqəddəs), hər bir insana onun layiq olduğu əvəzi verəcəkdir.
Bu ayədən aydın olur ki, hər bir insan öz mənşəyini, nəslinin tarixini bilməyə borcludur, axı Allah insanları məhz buna görə xalqlar və qəbilələr birliklərinə çevirmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)