Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Şəhidlərimiz II Şəhidlər xiyabanında torpağa tapşırılıb

Aprel 11
16:51 2016

Şəhid pilotlar – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, qəhrəman hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Dəfndə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, Müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani çıxışında cəbhədə baş verən son hadisələrə toxunaraq bildirib ki, Azərbaycan əsgəri öz sayıqlığı ilə düşmən təxribatınım qarşısını alıb, düşmənə xeyli itki verib: “Qələbə qurbansız olmaz. Biz bu yolda şəhidlər də verdik. Neçə ildir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edildi və orada indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də “Vətən sağ olsun!” deyirlər”.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.

Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)
Allah rəhmət eləsin. Amin!

Digər xəbərlər