Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sərhədçilərimiz İrandan narkotik keçirən dəstəni zərərsizləşdirib

Fevral 03
20:04 2015

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə çalışan mütəşəkkil dəstə zərərsizləşdirilib.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Dekabrın 30-da Biləsuvar rayonunun Əmənkənd kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası vətəndaşları İrəc Xudayi, Ramin Məsərrəd, Həsən Təqizadə adlı şəxslər külli miqdarda narkotik vasitəni Azərbaycana keçirərkən, onları qarşılamağa gəlmiş Ağcabədi rayon sakinləri Elşən İsmayılov və Novruz Bayramovla birgə sərhədçilər tərəfindən saxlanılıb.

Onların üzərinə baxış keçirərkən bir bağlamada 7 kq 700 qram qurudulmuş marixuana, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd bıçaq və 3 ədəd mobil telefon aşkar olunub.

Mütəşəkkil dəstənin digər üzvlərinin aşkar olunması məqsədi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Xəqani Nuruyev, Sabirabad rayon Qarağac kənd sakini Rövşən Hüseynov və Pərviz Ağayev müəyyən edilərək istintaqa cəlb olunub.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, narkotik vasitənin keçirilməsini şəxsiyyətləri istintaqa məlum olmayan Cəlili Ramin və Hafis adlı İran vətəndaşları təşkil edib.

 Sələf Xəbər: İslam – müdriklik, ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir, yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)

Digər xəbərlər