Şeyx Nəvaz Şərifə başsağlığı məktubu göndərdi
746 dəfə baxılıb
“Qoy, Allah-Təala xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Pakistan İslam Respublikasının baş naziri Nəvaz Şərifə başsağlığı məktubu göndərib.
“Sələf Xəbər”-in Axar.az-a istinadən xəbərinə görə, məktubda deyilir: “Qardaş Pakistan İslam Respublikasının Peşəvər şəhərində hərbi məktəbə hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verir, mənfur terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün pakistanlı qardaşlarımıza səbr və dəyanət arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan müsəlmanları kədərinizə ürəkdən şərik olur, dərdinizi bölüşürlər. Məscidlərimizdə terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri puç olacaq, İnşallah. Qoy, Allah-Təala xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin. Bir daha səmimi başsağlıqlarımızı qardaş Pakistan xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!”
Sələf Xəbər: XX-ci əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).