Şeyxülislam: “…İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir”
3. 000 dəfə baxılıb
Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının “Terrorizmə qarşı mübarizə” adı altında təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək məqsədi ilə 21-24 fevral 2015-ci ildə Məkkədə səfərdə olmuşdur.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, Səudiyyə Ərəbistanı kralının müşaviri, Məkkə quberniyasının əmiri Xalid Feysəlin açdığı konfransda dünyanın bir çox ölkələrindən ali dini liderlər, İslam alimləri, Dini İşlər üzrə nazirlər və müxtəlif elm və beyin mərkəzlərinin rəhbərləri iştirak edib. Konfransı giriş sözü ilə açan İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki konfransın mövzusunun aktuallığına toxunaraq, terrorizmin bütün dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətlə yanaşı bütün dinlərin əl-ələ verməli olduğunu xüsusi vurğulamışdır. İslamın terrora qarşı olduğunu söyləyən Quran ayələrindən sitatlar gətirən Əl-Əzharın şeyxi Əhməd Əl-Tayyib isə bir sıra qərb ölkələrinin terroru İslamla bağlamağa çalışdıqlarını qətiyyətlə pisləmiş, qərb ölkələrindən çox, bu gün müsəlman dünyasının terrordan əziyyət çəkdiyini təəssüflə qeyd etmişdir.
Sonra Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi Salman bin Əbdüləzizin müraciətini konfrans iştirakçılarına oxuyan Məkkə əmiri Xalid əl-Feysal Səudiyyə dövlətinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan danışaraq, ölkəsinin İŞİD terror xəvaric qruplaşmasına qarşı beynəlxalq koalisiyada təmsil olunmasının buna nümunə olduğunu diqqətə çatdırmışdır.
Tədbirin açılışından sonra günün ikinci yarısı nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilmişdir.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu xüsusi ilə vurğulamışdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edərək bildirmişdir ki, eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir.
Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edən Şeyxülislam Hacı Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olmuşdur. Görüş zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayan Əl-Türki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanmış, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyni bir daha dəstəklədiyini dilə gətirmişdir. Bu günlərdə Azərbaycan xalqının Xocalı faciəsinin 23-cü ili olduğunu bildirən Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlman dünyasının bu soyqırım faktına laqeyd qalmamasının vacibliyini diqqətə çatdırmışdır.
Daha sonra Şeyxülislam Hacı Allahşükür Paşazadə Əl-Əzharın şeyxi Əhməd Əl-Teyyib, İordaniyanın Baş Qazisi Məhəmməd Həlil, Küveyt Əmirinin Dini İşlər üzrə müşaviri Adil Fəlah, bir sıra ərəb və müsəlman ölkələrinin baş müftiləri və Dini İşlər nazirləri ilə görüşlər keçirmişdir. Görüşlərdə bütün Qafqazın şeyxini ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevin başçılığı ilə Səfirliyin digər əməkdaşları müşayiət etmişdir.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir və cərəyanlara, təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o, “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir” demişdir. (Əhməd)