SOCAR-ın Eko-parkında nəsli kəsilmək üzrə olan bitkilər becərilir
1. 460 dəfə baxılıb
Azərbaycan florasının biomüxtəlifliyinin qorunub saxlanılması, onun nadir və nəsli kəsilməkdə olan növlərinin mühafizəsi və faydalı bitki ehtiyatlarının səmərəli istifadəsi məsələləri daim dövlətin diqqət mərkəzindədir.
ARDNŞ də bu baxımdan ətraf mühitin mühafizəsi, yaşıllaşdırma, Azərbaycanın relikt və nəsli kəsilmək təhlükəsi olan ağac-kol və dərman bitkilərinin artılımasına mühüm önəm verir.
SOCAR xəbər verir ki, Eko-parkın qapalı şitilxanasında nəsli kəsilmək üzrə olan bitkilər becərilir. SOCAR-ın Ekologiya İdarəsinin Yaşıllaşdırma Departamenti tərəfindən “Eko-park”ın qapalı və açıq şitilxana ərazilərində Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac bitkilərindən Eldar şamı, ipək akasiyası, Xəzər lələyi və s. növlərə mütəmadi olaraq xüsusi qulluq edilir.
Bundan başqa, parkın ərazisində nadir və kökü kəsilmək üzrə olan, eyni zamanda Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş ağac-kol bitkilərinin 13 növünə – ipək akasiyası, Xəzər lələyi, şabalıdyarpaq palıd, Bakı çuzğunu, Eldar şamı, Şərq çinarı, adi nar, söyüd, daşsarmaşığı, ağıriyli ardıc, qırmızı tubulqa, aptek dəfnəgilanarı, Qafqaz xurmasına müvafiq qaydada aqrotexniki qulluq işləri yerinə yetirilir.
Efir yağlı dərman bitkiləri – dərman rozmarini, lavandula və solmazçiçəyi bitkiləri də Yaşıllaşdırma Departamentinin mütəxəssislərinin xüsusi qayğısı və nəzarəti altında becərilir. Bu bitkilər qapalı şitilxana sahəsində generativ və vegetativ yolla çoxaldılır. Burada ağac-kol və gül bitkiləri xüsusi şəbəkəli kasetlərdə və polietilen dibçəklərdə yetişdirilir. Artırılmış bitkilər vaxtlı-vaxtında gübrələnir, suvarılır və alaq otlarından təmizlənir.
Təkcə 2014-cü ildə “Qırmızı kitab”a daxil olmuş 10 minə yaxın ağac-kol bitkiləri artırılmışdır.
Sələf Xəbər: Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş ,insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).
Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!