Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərin məhkəməsi keçirilib

Aprel 16
17:58 2015

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvünün – Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən İlkin Babazadəyə sərbəst ifadə vermək təklif olunsa da, o, ifadə verməkdən imtina edib.

İ. Babazadə hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırmaqdan da imtina edib.
İttiham olunanlardan Malik Musayev ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, 2009-cu ildən ibadətlə məşğul olduğunu, Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda təhsil aldığını, Suriyaya döyüşmək məqsədilə getmədiyini deyib: “Suriyaya getməkdə məqsədim dini rahat şəkildə yaşamaq idi. “Muaz” adlı bir nəfərlə internetdə tanış oldum. O, kömək edəcəyini dedi. Türkiyədə Hasan adlı şəxsin vasitəsilə sərhədi keçdim. Aqil Hacıyevin camaatına qoşuldum. Mənim silahım olmayıb. Heç kimdə silah da görmədim. Mənə Bəşər Əsədə qarşı birlikdə vuruşmağımızı təklif etdilər. Razı olmadıq deyə bizi əsir götürdülər. On gün əsirlikdə olmuşam. Tabe olmadıq deyə bizi oradan Türkiyə sərhədinə gətirdilər. Türkiyədən deportasiya olunduq. Hava limanında bizi MTN qarşıladı. 18 yaşım vardı, gənc idim. Valideynlərimdən xəbərsiz getmişdim. Suriyada yaşayıb ticarətlə məşğul olmaq niyyətindəydim”.

Bundan sonra təqsirləndirilənlərədən Vüsal Bayramov, Samir Həşimov, Vüqar Dursunəliyev də məhkəmədə sərbəst ifadə verməkdən imtina edib. V. Dursunəliyev qısa çıxış edib: “Allah səbr edənlərlə bərabərdir. Kim Allahın hökmlərinə üz çevirərsə, onlara əzab verər. Mən müsəlmanam və Allahın buyurduğu qaydalara əməl etməyi seçmişəm. Biz Amerikanın demokratiyasını belə qəbul etmirik. Allahın buyurduğu qaydada yaşamaq istəyirik”.

Məhkəmə prosesi aprelin 23-ə kimi təxirə salındı.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.

Bunlardan Təqsirləndirilən digər şəxslər – Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx dedi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər