Suriyalı qaçqınlar Azərbaycana da gəlib
808 dəfə baxılıb
Suriyadan Azərbaycana pənah gətirmiş iki ailə burada qaçqın statusu alıb. Onlara himayə məktubu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi tərəfindən verilib. Daha 3-4 ailənin sənədləri isə hazırda araşdırılır. Yəni Suriyadan Azərbaycana cəmi 5-6 ailə sığınıb. Bakıya gələn suriyalı qaçqınlar Azərbaycanı müsəlman ölkə olduğuna görə seçdiklərini bildiriblər. Onların ölkəmizə son 1 il ərzində gəldikləri bəllidir.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov deyib. A.Allahverənovun sözlərinə görə, qaydaya əsasən, bir ailə bir portfel hesab olunur: “Ona görə də suriyalı ailələrin üzvlərinin sayı barədə məlumatım yoxdur. Bilirəm ki, onlardan daha əvvəl himayə məktubu ala bilmiş 2 ailə maddi yardım alır, digər ailələrin məsələsinə isə hələ baxılır”.
Lakin ekspert hesab edir ki, Suriyadan ölkəmizə qaçqın axınının olacağı gözlənilmir: “Suriyadan Azərbaycana kütləvi qaçqın axını olacağını düşünmürəm. Belə bir narahatlıq yoxdur. Çünki Suriyadan olan qaçqınlar əsasən həmsərhəd Türkiyəyə üz tuturlar. Çünki Türkiyənin cənubunda ərəbcə danışanlar çoxdur. Hazırda orada 2 milyona yaxın suriyalı qaçqın olduğu deyilir. Digər hissəsi isə daha yaxşı həyat arzusu ilə Avropa ölkələrinə üz tuturlar. Çünki həmin ölkələrdə qaçqınlar üçün nəzərdə tutulan yardım proqramları mövcuddur. Azərbaycana gəlmək isə onlar üçün bəzi problemlər yarada bilər. Ən azından, dil problemi var. Digər tərəfdən bizim Suriya ilə birbaşa sərhədimiz yoxdur. Qaçqınlar üçün bir neçə dövlətin sərhədindən keçmək böyük çətinlik yaradar. Bufer ölkələrə gedən qaçqınlar orada yalnız sığınacaq alırlar, amma Avropaya getdikdə orada status alıb yaşamaq niyyətindədirlər. Azərbaycana sığınanlar da burada daimi yaşamaq niyyətində deyillər. Onlar status aldıqdan sonra BMT QAK və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dəstəyi ilə 3-cü ölkəyə köçməyə meyllidirlər. Məsələn, vaxtilə Azərbaycanda 15 minə yaxın Çeçenistan qaçqını vardı. Amma onların müəyyən qismi Kanada, Fransa kimi ölkərə köçdü, böyük hissəsi geri, vətənlərində qayıtdı. İndi Azərbaycanda yaşayan çeçenlərin sayı cəmi 800 nəfərə yaxındır”.
A.Allahverənov qeyd edib ki, ümumiyyətlə, hazırda Azərbaycanda müxtəlif ölkələrdən 1600-dək qaçqın və sığınacaq axtaran şəxs var: “Əvvəllər burada qaçqın və ya sığınacaq axtaran şəxs statusunu BMT QAK verirdi. Daha sonra bu səlahiyyət Dövlət Miqrasiya Xidmətinə (DMX) verildi. DMX tərəfindən isə onlardan cəmi 60-dan çox xarici vətəndaşa qaçqın statusu verilib. Çünki onların içində elələri var ki, hərbi münaqişə olmayan yerlərdən gəliblər. Ona görə də həmin insanların müraciətlərinə baxmayaraq, sənədləri araşdırılıb, amma onlara qaçqın statusu verilməyib. Lakin onlara digər hüquqi əsaslarla ölkə ərazisində yaşamağa icazə verilib”.
Xatırladaq ki, Suriyada artıq 4 ildən çoxdur davam edən silahlı münaqişə nəticəsində ölkədən yüz minlərlə insan didərgin düşüb.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)