Təcili yardım maşınları niyə gec gəlir?- Açıqlama
829 dəfə baxılıb
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) həkim briqadasının çağırış yerinə gec gəlməsinin səbəblərini açıqlayıb.
“Sələf Xəbər” –in “Qafqazinfo”-ya istinadən məlumatına görə bu barədə stansiyanın baş həkimi Mürsəl Həmidov deyib ki, gün ərzində BŞTTTYS-ə müraciət edənlərin sayı kifayət qədər olsa da, briqadaların lazımi ünvana vaxtında çatmasında müəyyən problemlər yaranır.
Onun sözlərinə görə, mövcud problem nə rəhbərlikdən, nə də işçilərdən asılı deyil: “Əsas səbəblər gün ərzində şəhərin mərkəzi küçələrində müşahidə olunan tıxacların olması, sürücülərin Təcili tibbi yardım maşınlarına yol verməməsi, yeni binaların nömrələnməməsidir. Bəzən Təcili tibbi yardım maşınları keçid üçün yol istəyir, lakin digər avtomobillərin sürücüləri onlara yol vermirlər. Təcili tibbi yardım maşınları onlara yol vermədiyinə və ya yollardakı tıxacda qaldığına görə çağırış ünvanına vaxtında gedib çata və ya xəstəni xəstəxanaya vaxtında yetişdirə bilmir. Bu isə çox vaxt ciddi problemlər törədir”.
M.Həmidov vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: “Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni çağırışların intensiv vaxtlarında, eləcə də ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb”.
Təcili tibbi yardımlarda dərman çatışmazlığı ilə bağlı deyilənlərə toxunan baş həkim hesab edir ki, bu iddiaların əsası yoxdur.
“İlk növbədə bilmək lazımdır ki, bizim həkimlər xəstə müalicə etmir. İşçilərimiz sadəcə, xətəyə ilkin tibbi yardım göstərir və zərurət yarandığı təqdirdə insanları xəstəxanaya aparırlar. Buna görə də həkim briqadamız ilkin təcili tibbi yardım üçün lazım olan bütün dərman vasitələri ilə tam təmin olunublar. Bununla yanaşı, hər bir maşında süni tənəffüs aparatı və digər zəruri avadanlıqlar var. Dərmanların kifayət qədər olması üçün gərək həmin maşının arxasınca ikinci maşın da getsin”, – deyə, M.Həmidov əlavə edib.
Stansiyaya gün ərzində orta hesabla 1600-1700 çağırış olduğunu bildirən M.Həmidov deyib ki, qarlı havada, güclü külək olanda, xüsusilə də, bayram və istirahət günlərində çağırışların sayı 2000-ə yüksəlir: “Ən çox müraciət olunan xəstəliklər arasında ürək-qan damar sisteminin pozulması, ağciyər xəstəlikləri, uşaqların temperaturunun yüksəlməsi, məişət travmaları üstünlük təşkil edir. Yol-nəqliyyat hadisələri nəticəsində travma alanların sayı isə son 3-4 gündə daha da çoxalıb”.
“Ey Allahın qulları, müalicə olunun. Çünki Uca Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)