Tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir
1. 204 dəfə baxılıb
“Elm haqqında” qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tapıb.
Layihə Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarının doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir.
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin digər komitələrlə birlikdə keçirilən iclasında müzakirəyə çıxarılan yeni “Elm haqqında” qanun layihəsinin 7-ci maddəsinin 9-cu bəndində əksini tapıb.
Qanun layihəsinin “Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı” adlı maddəsinin qeyd olunan bəndində deyilir: “Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verir”.
Komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, bu, bir çağırış müddətinə verilən möhlətdir. Yəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq: “Bu, birdəfəlik xidmətdən azad etmək demək deyil”.
Qanun layihəsinin müzakirəsi davam edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr”. (Qurani-Kərim, “Tövbə” surəsi, 122-ci ayə).
“Bu ayə biliklərin üstünlüyünü və dini məsələlərdən baş çıxarmaq bacarığını xüsusilə qeyd edir. Dini öyrənmək ən vacib hökmlərdən biridir və əgər insan müvafiq biliklərə yiyələnirsə, onları yaymalı, onları Allahın qulları ilə bölüşməli və insanlara faydalı məsləhətlər verməlidir. Doğrudan da, alim insan bilikləri yayırsa, onda onun elmi bərəkətli olur və ona savab gətirir və onlar daima artıb-çoxalır. Əgər alim qınına çəkilirsə, insanları hikmətli nəsihətlər və xeyirli möizələr vasitəsilə Allahın yoluna dəvət etmirsə, nadan insanlara onların bilmədiklərini öyrətmirsə, onda belə alim müsəlmanlara hansı faydanı verə bilər? O ölər və bütün bilikləri də onunla birgə ölər, lakin bu sonuc Allahın elm və müdriklik verdiyi insan üçün ən böyük zərərdir.” (Bax “Təfsir Əs-Saadi”)