Telekanallarda yemək məclislərinin reklamı günahdırmı? – Açıqlama
935 dəfə baxılıb
“Dinimizə görə insanlarda olan nemətlər uca Allahın onlara verdiyi bir bəxşişdir. Allah-Təala insanları müxtəlif nemətlərlə onların özlərini necə aparmaları ilə imtahana çəkir. Elə şəxsiyyətli insanlar vardır ki, onlar dərk edirlər ki, onlarda olan nemətlər imtahan üçün müvəqqəti olaraq verilib və həmin insanlar özlərində olan nemətləri digər insanlarla paylaşırlar. Amma bu gün cəmiyyətimizdə çoxu “hamı özü üçün” prinsipi ilə yaşayır.”
“Sələf Xəbər”-in “Qafqazinfo”-ya istinadən xəbərinə görə, AMEA-nın elmi işçisi, İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, bəzi telekanallarda müxtəlif yemək növlərinin sərgilənməsi heç də yaxşı hal deyil:
“İnsanlar dərk etmirlər ki, bu nemətlərdən bir çox insanlar məhrumdurlar. Çünki Uca Allah hamıya eyni neməti eyni çoxluqda vermir. Birinə çox nemət verir ki, az neməti olanla bölüşsün. Həmçinin, az neməti olan quluna da imtahan üçün az nemət verərək onun dözümlü, yoxsa Allaha qarşı asilik edən biri olacağını yoxlayır. Bu barədə Qurani-Kərimdə ayələr də var. Allah-Təala bu ayələrdə bildirir ki, biz sizə çox və az nemət verməklə bir-birinizlə imtahana çəkirik”.
Ə. Həsənov onu qeyd etdi ki, çox hallarda cəmiyyətdə tarazlıq qorunub saxlanılmır:
“Həqiqət bundan ibarətdir ki, bu gün elə insanlar var, onların evində aylarla ət bişmir. Onlar bu neməti digər insanlardan fərqli olaraq dada bilmirlər. Elə insanlar da var ki, kifayət qədər yeməkləri zibilliyə atırlar. Əvvəllər biz görərdik ki, böyüklərimiz bizə deyərdilər, əlində olan çörəyi evində ye, həyətə, qonşuya əlində olan çörəklə getmə. Çünki həyətdə olan uşağın, ya da qonşunun imkanı zəifdir və sənin kimi çörək tapıb yeyə bilmir. Bizim də elə güclü imkanımız yoxdur ki, özümüzə aldığımız çörəkdən onlara da alıb verək. Yəni belə ailələr əvvəllər olub, indi də var. Özündə olan nemət, ancaq özünə kifayət etdiyi üçün, digər insanlarla bölməyə imkanı olmadığı üçün istəmir ki, əlindəkini göstərərək ehtiyacı olanın nəfsinin günahına batsın.”
İlahiyyatçının sözlərinə görə, bu gün, sanki insanlar sahib olduqlarını nümayiş etdirmək üçün yarışa çıxıblar: “Bu gün isə elə vəziyyət yaranıb ki, insanlar, hətta, kütləvi şəkildə göstəriş yarışına giriblər. Əsas da göstərmələri bir yana, imkanları olduğu halda belə ehtiyacı olanlarla əllərindəki nemətlərdən paylaşmırlar. Bu gün efirlərdə cəmiyyətimizə nəinki çeşidli yeməkləri göstərirlər, eyni zamanda efirdən onlar həmin yeməkləri yeyərək digər insanları şişirtməyə çalışırlar.”
İlahiyyat üzrə fəlsəfə doktoru onu da qeyd etdi ki, İslam dinində nemətlərin göstərilməsi yaxşı haldır, amma bəzi məqamları da nəzərə almaq lazımdır: “Hətta, belə bir hədis də var ki, Allah-Təala quluna verdiyi neməti onun üzərində görmək istər. Bu o demək deyil ki, bəzi imkanlı şəxslər efir vasitəsi ilə yemək çeşidlərini öz aralarında yeyib ictimaiyyətə təqdim etsinlər. Özlərinə nemət verilən şəxslər dərk etməlidirlər ki, bununla onlar evində aylarla ət olmayanın haqqına girirlər, onların dünyada yaşamaq həvəsini söndürürlər. Bütün bunlar dinimizə uyğun gəlmir. Buna görə, xüsusi ilə tövsiyə edərdim ki, efirlərdə yemək məclisləri göstərilməsin. Hələ mən bəzi müğənnilərin bahalı maşınlarını, evlərini, yaşayış tərzlərini reklam etmələrini demirəm.”
“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.”
Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə