Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“The New York Times” qəzetində azərbaycanlı diplomatın erməni təxribatına cavab yazısı dərc edilib

May 20
15:01 2015

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, “The New York Times” qəzetinin səyahətlər bölməsində bir neçə həftə əvvəl yerləşdirilmiş, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən “Qafqaz dağlarında qonaqcıl qəbul” sərlövhəli məqaləyə ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbovun cavab yazısı dərc olunub.

“Azərbaycanın məcburi köçkünləri” adlı bu cavab məqaləsində yuxarıda qeyd olunan yazının müəllifinin Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonların ermənilər tərəfindən işğalı və bunun nəticəsində bir milyondan çox azərbaycanlının doğma evlərindən didərgin düşmələri barədə məlumatı oxucuların diqqətinə çatdırmadığı bildirilir. Həmçinin qeyd edilir ki, müəllif oxuculara işğal altındakı bu ərazilərə səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəyə gələcəkdə səfər etmək imkanından məhrum olunacaqları barədə heç bir məlumat vermir. Bundan başqa, o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.

Bildirilir ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və gələcəkdə turistlərin ölkəmizin bu gözəl guşəsinə də səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini davam etdirir.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər siz yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. (Həm də ona görə belə edirik) ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 140-141-ci ayələr)

Allah məğlubiyyətə uğramış müsəlmanlara təskinlik verərək, belə məğlubiyyətin olduqca böyük faydası olduğunu izah edir. Əgər onları məğlubiyyətə uğratmışdılarsa, müşriklər onlardan da əvvəl belə bir məğlubiyyətə uğradılmışdılar. Hər iki tərəf bir-birilərinə son dərəcə ağır zərbələr endirmişdilər. Lakin müsəlmanların üstünlüyü ondadır ki, onlar Allahdan kömək alacaqlarına ümid bəsləyirlər, lakin kafirlər buna bel bağlamırlar. Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir” (Müqəddəs Quran, “Nisa” surəsi, 104-cü ayə).

Digər xəbərlər