Turizm bölgəsi Şamaxıdan Balakənə qədər olmalıdır
723 dəfə baxılıb
Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevriləcək.
“Sələf Xəbər”in “President.az”-a istinadən xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı zaman rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Prezident vurğulayıb: “Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Bu da rayon üçün çox böyük əhəmiyyət daşıyır, təxminən 30 kilometr uzunluğunda 34 yaşayış məntəqəsini birləşdirir. O yaşayış məntəqələrində İsmayılı rayonu əhalisinin üçdə bir hissəsi qədər – 30 minə yaxın insan yaşayır.
Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir. İsmayıllıda digər infrastruktur layihələri icra edilib. İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar.
Kanalizasiya və təmizləyici qurğuların da quraşdırılması prosesi başa çatır. Mənə verilən məlumata görə, qazlaşdırma 67 faizdir. Dağlıq relyefi nəzərə alsaq, hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər infrastruktur layihələri də icra edilib.
Sosial obyektlərin və yeni müəssisələrin istifadəyə verilməsi, əlbəttə ki, iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu gün quşçuluq fabrikinin, böyük heyvandarlıq kompleksinin, bir neçə otel və istirahət mərkəzinin təqdimatı oldu. İsmayıllının çox gözəl təbiəti, iqlimi var. Ona görə, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq daha da sürətlə inkişaf etməlidir. Bir qarış torpaq boş olmamalıdır. Daxili tələbatı təmin etmək və ixrac potensialını artırmaq üçün məqsədyönlü şəkildə işlər aparılacaq. Bu barədə bütün göstərişlər verildi”- deyə dövlət başçısı əlavə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)