Türkiyə təşkilatı Xocalı qətliamını dünya gündəminə çıxardacaq
723 dəfə baxılıb
1915-ci il hadisələrinin 100-cü ili münasibətilə erməni lobbisi tərəfindən dünya miqyasında başlanılan yalan kampaniyası vüsət alırkən yaxın keçmişdə həyata keçirilən Xocalı qətliamını, sanki unutdurmağa çalışırlar. Bu insanlıq cinayəti istər bölgəmizdə və istərsə də beynəlxalq cəmiyyətdə təəssüf ki, lazımı səviyyədə həssaslıqla qarşılanmır.
Qarabağ müharibəsi zamanı baş vermiş Xocalı qətliamının 23-cü ilində Azərbaycana məxsus olan Dağlıq Qarabağ hələ də Ermənistanın işğalı altındadır. Bu işğalın başladığı 1991-ci ildə SSRİ-nin dağılmasının ardından erməni birlikləri 26 fevral 1992-ci ildə mühasirə altında saxladıqları Xocalı qəsəbəsinə daxil olaraq 1.300 nəfəri vəhşicəsinə öldürmüş, 1.275 nəfəri əsir almış və onlarla uşağı yetim qoymuşlar.
Qarabağ müharibəsi zamanı isə bütövlükdə 20.000 nəfər ölüb, 50.000 nəfər yaralanıb, 1 milyon nəfər də yurdlarından köç etmək məcburiyyətində qalıblar.
Xocalı qətliamı və Qarabağ müharibəsi zamanı törədilən digər insanlıq cinayətlərinin günahkarları bu günə qədər cinayət məsuliyyətinə cəlb olunmayıb və işğal edilən ərazilərdən qaçqın düşən 1 milyon azərbaycanlı ata-baba yurdlarına qayıtmayıblar.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Türkiyənin ən böyük yardım təşkilatı, BMT-nin rəsmən üzvü olan İHH İnsani Yardım Təşkilatı fevralın 21-də İstanbulda keçirəcəyi “Bəşəriyyətin ədalət axtarışı: 23-cü ildönümündə Xocalı simpoziumu” bu faciəni dünya gündəminə çıxartmaq məqsədi daşıyır.
Simpoziumda Azərbaycan və Türkiyədən mütəxəssislər və jurnalistlərlə yanaşı, qırğınlara şahidlik etmiş əlillər də iştirak edəcək, hadisənin humanitar böhran miqyasını da öz təcrübələri ilə bölüşəcəklər.
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, İHH başqanı Bülənt Yıldırım və digərləri də çıxışçılar arasındadır.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)