Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə və Azərbaycanda terror aktları planlaşdıran azərbaycanlı İŞİD-çinin adı açıqlanıb

Aprel 02
17:01 2016

Türkiyə mətbuatı İŞİD terror xəvaric qruplaşması üzvünün iki ölkədə terror hazırladığını yazıb.

DTX mətbuatda yayılan məlumatları izləyir.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Arif Babayev yayılan bu xəbərdən də məlumatlı olduqlarını deyib. “Ölkədə heç bir hadisənin baş verməməsi üçün digər hüquq-mühafizə orqanları ilə birgə tədbirlər görülür”.

Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilib. ANS PRESS-in Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin təhlükəsizlik orqanları xəbər yayıb. Kəşfiyyat məlumatları nəticəsində müəyyən edilən terrorçuların fotoları bütün polis məntəqələrinə paylanılıb.

Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşıdır. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilir. Onun Türkiyə ilə yanaşı Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı da yayılan məlumatlar arasında yer alıb.

Həmin siyahıda, həmçinin ABŞ vətəndaşı olan Abu Ayman At-Maghribinin də adı var. O, həyat yoldaşı və 2 uşağı ilə Mərakeşə getmək adı ilə ölkəsini tərk edib. Hazırda Türkiyədə olduğu bildirilir.

Həmçinin 2015-ci ildə silahlı toqquşmaların birində öldürüldüyü iddia edilən Məhəmməd Ürkməzin qardaşı Furkan Ürkməzin martın 6-da Qaziantepdən Suriyaya keçdiyi bildirilir. Təhlükəsizlik qüvvələri onun yaşının az olduğunu əsas gətirərək terrorçular tərəfindən kamikadze kimi istifadə ediləcəyini ehtimal edirlər. Həmçinin siyahıda adı olan Həsən Hüseyn həyat yoldaşına “WhatsApp” vasitəsi ilə “şəhidlik sırası bizdə”, – deyə mesaj göndərib.

Adıçəkilən şəxslərin axtarışı davam etdirilir.

Martın 27-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cabir Məmmədzadə “Hesabat” verilişində qonaq olarkən bildirmişdi ki, ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir.

Bu gün bütün dünyanın terrordan əziyyət çəkdiyi bir vaxtda ölkəmizin terrordan müdafiə olunması istiqamətində görülən tədbirlərdən danışan Cabir Məmmədzadə hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin terror təhlükəsizliyi təhdidlərinin neytrallaşmasına kifayət etdiyini bildirib.

Dünyada kifayət qədər tanınan terror qruplaşmalarının – “Əl-Qaidə”, PKK və s. bu kimi təşkilatların Azərbaycan ərazisindəki fəallıq səviyyəsindən danışan Cabir Məmmədzadə qlobal terror təşkilatlarının 2000-ci illə müqayisədə kifayət qədər azaldığını, keçirilən antiterror tədbirləri nəticəsində həm “Əl-Qaidə” ilə əlaqəli şəbəkələrin, həm də eyni ideyanı bölüşən ayrı-ayrı terrorçu qrupların fəaliyyəti zərərsizləşdirilib.

Daha sonra Suriyaya gedən azərbaycanlılardan danışan təhlükəsizlik xidmətinin əməkdaşı görülən tədbirlər nəticəsində bu axının qarşısının müəyyən qədər alındığını qeyd edib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər