Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyəyə qatarla bir günə gediləcək – Yaxın gələcəkdə

Avqust 19
15:23 2015

Bakı-Tbilisi-Qars istiqamətində yüksək surətli qatarlar istifadəyə veriləcək. Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol qardaş ölkǝ və Azərbaycan ilə yanaşı, digər qonşu ölkələrə də yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.

“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, artıq Bakı-Tbilisi-Qars istiqamətində işlər yekunlaşıb. Bu istiqamətdə hərəkət edəcək 30 qatar da sifariş olunub, qatarların gələn ildən ölkəmizə gətiriləcəyi gözlənilir.

Nadir Əzməmmədov onu da əlavə edib ki, gətirilən qatarlar yüksək standarlara cavab verəcək, qatarlara “wi fi” sistemi qoşulacaq. “İndi Türkiyəyə hamı cəmi bir günə gedə biləcək. Amma bu istiqamətdə əvvəlcə yükün daşınması, sonra isə sərnişin daşınması həyata keçiriləcək”, – deyə mətbuat katibi əlavə edib.

Mətbuat katibinin sözlərinə görə, Azərbaycan standartlarında vaqonların təkər cütləri 1520, avropalılarda 1435-dir. Vaqonların təkər cütləri Gürcüstandan Türkiyəyə keçəndə avtomatik Avropa standartlarına uyğun yığılır, bizim tərəfə keçəndə isə bizim standartlara uyğun yığılır. Ona görə də, məhz, bu tip vaqonlar alınacaq. Biletlərin satışını həm kassadan, həm də “online” sistemlə həyata keçiriləcək.

Bakı-Tbilisi-Qars istiqamətində danışıqlar hələ 2014-cü ildən başlanıb. Layihə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən “21 fevral 2007-ci il tarixli Bakı-Tbilisi-Qars” layihəsinin fəaliyyətini həyata keçirilməsi haqqında prezident sərəncamına əsasən maliyyələşdirilir.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Quranda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər