Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Uşaq cinayətlərinin səbəbləri açıqlandı – Ata-ana, internet və…

Noyabr 11
17:06 2014

“Sələf Xəbər” virtualaz.org-a istinadən xəbər verir ki, UNİCEF, Ombudsman Aparatı və “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi cinayət törətmiş uşaqlarla bağlı monitorinq keçirib.

Monitorinq çərçivəsində prokurorluq və polis əməkdaşları, o cümlədən cinayətdə iştirak edən uşaqlar arasında sorğular aparılıb, uşaqların cinayət törətmələrinin səbəbləri araşdırılıb.

“Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyinin sədri Nazir Quliyev sayta verdiyi açıqlamada bildirib ki, azyaşlıların cinayət törətmə səbəbləri müəyyənləşdirilib: “Birinci səbəb valideyn məsuliyyətsizliyidir. Sonrakı yerdə mobil telefonlar, internet, sosial şəbəkələrin təsiridir. Uşaqlar bildirirlər ki, onlar oğurluq etməzdən əvvəl internetdən oğurluqla bağlı lazımi məlumatları əldə ediblər. Hətta sosial şəbəkələrdə tanışlıqdan da istifadə ediblər. Sonrakı yerdə isə hüquqi məsuliyyət amili dayanır. Uşaqlar hesab edirlər ki, cinayət törətsələr də uşaq olduqları üçün məsuliyyətə cəlb edilməyəcəklər”.

N.Quliyevin sözlərinə görə, son illər uşaqlar tərəfindən törədən cinayət hadisələrinin sayında ciddi artım qeydə alınmayıb. Lakin uşaqların iştirakı ilə törədilən cinayətlərin ağırlıq dərəcəsinin artması narahatçılıq doğurur: “Məsələn, uşaqlar tərəfindən törədilən qəsdən sağlamlığa zərər vurma, zorlama faktlarının artımı bizi narahat edir”.

Təşkilat rəhbəri bildirib ki, hazırda cəzaçəkmə müəssisəsində 40-a yaxın uşaq cəza çəkir: “Daha 40-dək azyaşlı isə istintaq təcridxanalarında saxlanılır. İl ərzində isə uşaqların iştirakı ilə 250-300 cinayət qeydə alınır. Cinayət törətmiş 10 yaşlılar və ondan aşağı yaş qrupuna daxil olan uşaqlar Qubada yerləşən müəssisədə saxlanılır. Təhsil Nazirliyinin tabeliyində olan bu müəssisə cəzaçəkmə müəssisəsindən fərqlənmir”.

N.Quliyev, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət törətmiş uşaqların işinə xüsusi təlimlər keçmiş hakimlərin baxacağını deyib: “Azərbaycanda ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində 3 hakim, 2 dövlət ittihamçısı xüsusi təlimlərdə iştirak edib. Oktyabrın 1-dən uşaqlar tərəfindən törədilmiş cinayətlərə məhz onlar baxacaqlar. Gələcəkdə isə bu sistem digər məhkəmələrdə də tətbiq ediləcək”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan 124 nəfərdən ibarət 41 qrupun zərərsizləşdirildiyi haqda məlumat yaymışdı. Məlumatda bildirilir ki, son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bununla yanaşı 117 cinayət törətmiş yetkinlik yaşına çatmayan 124 nəfərdən ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

Dövlət Statistika Komitəsi isə ötən il 67 uşağın ağır və xüsusi ağır cinayətlərdə iştirak etdiyini bildirir. Komitənin hesabatında bildirilir ki, cinayətin 13-ü adam öldürmə və qəsdən adam öldürməyə cəhd, 17-si adam öldürməyə cəhd, 1-i zorlama, 320 oğurluq, 90 mənzildən oğurluqdur. Cinayətdə ittiham olunanlardan 32-si 5 ilədək, 36-sı isə 5 il və 5 ildən yuxarı cəza alıb. 12 uşaq qəsdən adam öldürməkdə, 8-i qəsdən sağlamlığa zərər vurmaqda, 1-i zorlamada, 17-si oğurluqda, 3-ü soyğunçuluqda, 10-u quldurluqda, 10-u narkotik vasitələrlə əlaqəli cinayətlərdə təqsirləndirilir.

Ümumilikdə 272 uşaq cinayətdə günahlandırılıb. Onlardan 38-i 14-16 yaşlı olub. Cinayət törətmiş uşaqların 265-i oğlan, 7-si isə qız olub. 233 uşağın hər iki valideyni var.

Digər xəbərlər