Xarici media Qarabağdakı vəziyyətdən yazdı
806 dəfə baxılıb
Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu getdikcə artan gərginlik, toqquşmaların şiddətlənməsi beynəlxalq medianın diqqətini hər an açıq müharibəyə çevrilmək riski daşıyan Qarabağ münaqişəsinə yönəldib.
“Sələf Xəbər” Yeniçag.az-a istinadən bildirir ki, “The New York Times” qəzetinin əməkdaşı Devid M.Herszenhorn Ağdamdan hazırladığı reportajda yanvar ayından bəri Azərbaycan və Ermənistan arasında vəziyyətin kəskinləşməsindən, hər iki tərəfdən “onlarla əsgərin həlak olmasından” və tərəflərin təhlükəli şəkildə açıq müharibəyə doğru sürüklənməsindən bəhs edir.
Amerikalı jurnalist yazır ki, yanvar ayı Qarabağda qanla boyanıb, atışmalar, artilleriya qurğularından yaylım atəşləri və raket atışları baş verib. Təkcə yanvarın 23-də təmas xəttinin şimal istiqamətində gedən şiddətli atışmada azı 2 erməni əsgəri ölüb, bir neçəsi yaralanıb. Minomyotlardan və qumbaraatanlardan da istifadə olunduğu atışmalarda Azərbaycan ordusu da 3 hərbçisini itirib.
Toqquşmaların get-gedə artması həmsədrlərin ötən həftə Polşanın Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı qeyri-adi şəkildə sərt bəyanatla çıxış etməsinə səbəb olub.
“Ötən ildən başlayan və artmaqda olan zorakılıqlar dayandırılmalıdır. Biz Azərbaycanı münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə sadiq qalmağa çağırırıq, həmçinin Ermənistanı gərginliyi azaltmaq üçün bütün tədbirləri görməyə çağırırıq” – həmsədrlər bildiriblər.
Qəzet yazır ki, buna baxmayaraq, atışmalar daha da güclənib. Ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Ağdam istiqamətində, vaxtilə 40 mindən çox azərbaycanlının vətəni olan, ancaq erməni qüvvələri tərəfindən işğal olunduqdan sonra 20 ildən çoxdur xəyalət şəhərə çevrilən şəhər ətrafında erməni pilotsuz təyyarəsini vurduğunu elan edib. Gözlənilir ki, gərginlik bu il ərzində daha da artacaq, çünki Ermənistan “soyqırım”ın 100 illiyini qeyd etməyə hazırlaşır.
Qəzet yazır ki, münaqişə dağlıq əraziyə görə İrəvanla Bakı arasında yaşansa da onun yenidən alovlanması Rusiya, Türkiyə və İranın da cəlb olunduğu irimiqyaslı müharibəyə gətirib çıxara bilər.
Bildirilir ki, son zamanlar artan gərginlik tərəflər arasında sakitcə gedən silahlanma yarışının nəticəsidir. Xüsusən də, neftlə zəngin Azərbaycan öz arsenalını güclü silah növləri ilə getdikcə daha çox artırır.
Rusiya isə hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Baxmayaraq ki, Rusiya Minsk Qrupunun həmsədridir. Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarından sitat gətirir. Yazır ki, Azərbaycan Prezidenti Minsk Qrupunun rəhbərlərini Ermənistanı işğal etdiyi əraziləri boşaltmağa məcbur etməyə çağırıb.
“Həqiqət bundan ibarətdir ki, ərazilərimizin davam edən işğalı təkcə Ermənistanın işi deyil. Ermənistan aciz və kasıb ölkədir. O, çarəsiz vəziyyətdədir. Əlbətdə, Ermənistanın müxtəlif paytaxtlarda ciddi himayəçiləri olmasaydı, bu münaqişə çoxdan həll edilmişdi” – İlham Əliyev Nazirlər Kabinetinin son toplantısındakı çıxışında deyib.
Azərbaycan Prezidenti bu il ölkənin hərbi xərclərinin Ermənistanın 2,7 milyard dollarlıq büdcəsindən xeyli artıq olacağını da deyib.
Ermənistan Prezidenti Serj Sərkisyan isə buna öz hədələri ilə cavab verib: “Qızmış beyinlər sürprizlər gözləməlidir”.
Qarabağ üzrə ekspert Tomas de Vall vəziyyəti şərh edərək deyir ki, 15 il əvvəl də vəziyyət pis idi. Ancaq o vaxt hər iki tərəfdən “bir ovuc səngərdə bir ovuc əsgər” öz adi silahları ilə dayanmışdı.
“İndi isə hər iki tərəfdə böyük miqdarda ağır silahlar var, bəzən tərəflərin mövqeləri bir-birindən cəmi 100 metr məsafədə yerləşir” – deyə Tomas de Vall bildirib.
Ekspert hər iki tərəfdən qaçqınlar, müharibə veteranları, rəsmilər, hərbçilər və digərləri ilə söhbətlərin nəticəsi olaraq deyir ki, tərəflər sülhdən daha çox müharibəyə hazırdır.
“Bizdə məsəl var”- Azərbaycan Müdafiə Nazirliyindən polkovnik Abdulla Qurbani amerikalı jurnalisti təmas xəttinin Azərbaycan tərəfinə səyahət zamanı müşaiyət edərkən deyir: “Torpağa su qarışanda palçıq olur, qan qarışanda isə bu torpaq vətəndir”.
“The New York Times”in əməkdaşı təmas xəttini keçərək Ağdam xarabalıqlarına baş çəkib, oradan işğal altındakı Şuşa şəhərinə gedib. Şuşa şəhərində qanunsuz məksunlaşmış erməni Anaida Qabrielyan amerikalı jurnalistlə söhbətində deyib ki, bizim torpaqlarımız qanla suvarılıb.
Şuşada yaşayan digər erməni qadın Qayane Avakyan isə deyir ki, onlar azərbaycanlıların bu şəhərə qayıtmasına yol verməyəcəklər.
“Çünki bura bizim torpaqlarımızdır” – erməni qadın bildirib. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhərinin icra başçısı Bayram Səfərov isə öz növbəsində deyir ki, azərbaycanlıların yeganə məqsədi Şuşaya qayıtmaqdır. Səfərov “Mən oradakı hər daşı tanıyıram”- deyir.
Qəzet adının açıqlanmasını istəməyən qərbli diplomatın da fikirlərinə yer verib. Diplomat bildirib ki, indi hər iki prezident xalqların sülhə hazır olmadığını etiraf edərdi. Reportajda deyilir ki, Azərbaycanda hələ də on minlərlə qaçqın ağır vəziyyətdə yaşayır.
Daha sonra Xankəndində yaşayan keçmiş Bakı ermənisi İrina Xaçaturyanın fikirlərinə yer verilir. Xaçaturyan deyir ki, Bakıya qayıtmağı çox arzulayır. O, 25 ildir Xankəndində məskunlaşdığını desə də ora isinişə bilmədiyini, özünü iynə üstündə oturmuş kimi hiss etdiyini deyir.
Qəzet qeyd edir ki, Dağlıq Qarabağın inzibati paytaxtı olan Xankəndində aeroport var, ancaq işləmir. Və regionun erməni liderləri danışıqlar prosesində formal rola malik deyillər.
Sələf Xəbər: Uca Allah buyurur: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)