XİN : Azərbaycan İslam ölkələri ilə münasibətlərini daha da gücləndirəcək
1. 136 dəfə baxılıb
Azərbaycan İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib.
Selefxeber.az-ın “Trend“-ə istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Malayziyada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib.
E.Məmmədyarov qeyd edib ki, İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam dünyası ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi, Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində çox maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib: “Bu məqamda qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi ili” elan olunması ilə bağlı sərəncam imzalayıb”.
Nazir bildirib ki, bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir: “Bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir. Biz üzv ölkələrimizin ədalətli mövqeyinin müdafiə olunmasında qətiyyət göstərməkdə davam etməli və qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıyıq. Çox təəssüf ki, Rohinqyada vəziyyət İslam dünyası üçün ciddi narahatlıq yaratmaqda davam edir və İƏT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Rakhine ştatında minlərlə müsəlmanı öz yurdlarından didərgin düşməyə məcbur edən ciddi zorakılığa və humanitar böhrana biganə qalmalı deyilik”.
Xarici işlər naziri vurğulayıb ki, Ermənistan tərəfindən ölkəmizin bir hissəsinin bədnam işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq, uzun müddətdir qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür: “Buna görə, biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi repressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq.
Bu məqamda, mən Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyənin dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə buddist və müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə tam dəstəyimizi ifadə edirəm. Mən inanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu, qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha da artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır. İnanıram ki, İƏT Təmas Qrupunun səyləri Myanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcək”.
E.Məmmədyarov bildirib ki, İsrail-Fələstin münaqişəsi bizim üçün ağrılı məsələdir: “Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən, hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik”.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585)