XİN: Qondarma rejimin tanınması təxribatı həyata keçirilsə…
723 dəfə baxılıb
XİN: Qondarma rejimin tanınması təxribatı həyata keçirilsə, bunun nəticələrinə görə məsuliyyət Ermənistanın üzərinə düşəcək.
“Mütəmadi olaraq təxribatçı əməllər həyata keçirməklə, o cümlədən atəşkəs rejimini pozmaqla, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla Ermənistan vəziyyətin dondurulması və danışıqlar prosesində hər hansı irəliləyişin əldə edilməsinin qarşısının alınmasına nail olmaq məqsədi güdür”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Ermənistanda qondarma rejimin müstəqilliyinin müzakirəyə çıxarılacağı qanun layihəsi ilə bağlı açıqlamasında bildirilir. Açıqlamada qeyd olunub ki, müzakirələrin nəticələrindən asılı olmayaraq, Ermənistan bu cür təxribatçı əməli ilə beynəlxalq hüququn norma və prinsipləri, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq sənəd və qərarlarını növbəti dəfə kobud şəkildə pozmuş olur.
“BMT Təhlükəsizlik Şurası qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu birmənalı olaraq təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Silahlı təxribatlarına sarsıdıcı cavab alan, Azərbaycanın hərbi sahədə artan gücünə tab gətirmək və status-kvonun saxlanmasını davam etdirmək qabiliyyətində olmadığını dərk edən Ermənistan rəhbərliyi məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən vəziyyətin siyasi partlayışına və münaqişənin sülh yolu ilə həllinin pozulmasının hazırlığına başlayıb. Ermənistan tərəfi başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır.
Bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.
Məhdud, xudbin məqsədlər sağlam düşüncədən üstün olarsa və bu təxribat həyata keçirilərsə, bunun nəticələri ilə bağlı bütün məsuliyyət Ermənistan və onun rəhbərliyinin üzərinə düşəcək” – deyə məlumatda bildirilib.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan torpaqlarımızın alınmasında və bütün işlərdə xalqımıza kömək etməyini və hiyləgər cinayətkarları cəzalandırmağını diləyirik!