Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Xocalı soyqırımı ilə əlaqədar Küveytdə tədbirlər keçirildi

Fevral 25
16:44 2016

Xocalı soyqırımının 24-cü ili ilə əlaqədar Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, səfirlikdən verilən məlumata görə, faciə ilə bağlı səfirliyin təşəbbüsü ilə Küveytin məscidlərində, əvvəlki illərdə olduğu kimi, bu il də Cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılıb, onlara Allahdan rəhmət dilənib.

Fevralın 24-də Azərbaycanın Küveytdəki səfirliyinin akt zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Türkiyənin icma üzvlərinin, o cümlədən Türkiyənin Küveytdəki səfirliyinin nəzdində fəaliyyət göstərən orta məktəbin müəllim kollektivinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin, Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrinin, həmçinin yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilib.

Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edərək 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. Həmçinin ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda tədbirdə “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edərək, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib. Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa edib, səfirlikdə təşkil olunmuş fotostendlə tanış olublar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanaraq çoxaldılmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub. Göstərilənlərlə yanaşı, səfirlik tərəfindən ərəb və ingilis dilində Xocalı soyqırımının 24-cü ilinə həsr olunmuş xüsusi bülleten hazırlanaraq, Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərinə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Bundan başqa, Xocalı soyqırımının 24-cü ili ilə əlaqədar Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Ənbə”, “Al-Kuwaityah” qəzetlərində, həmçinin “Manşet” internet portalında məqalələr dərc edilib. Məqalələrdə 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər