Yaşayış məntəqələrimiz, məscidlər dağılıb… – Prezident
1. 239 dəfə baxılıb
Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib.
Selefxeber.az xəbər verir ki, “APA”nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: “Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.
Prezident İlham Əliyev (Allah onu qorusun) qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək: “Biz Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə də cavab verməliyik. Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Biz öz silahlı qüvvələrimiz, təlimlər vasitəsi ilə də Əfqanıstana dəstək oluruq”.
Prezident çıxışında Azərbaycanın “Asiyanın Qəlbi” – İstanbul Prosesini dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi gördüyünü və bu prosesin Əfqanıstanın inkişafına töhfə verəcəyini deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib:
“Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” – İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb”.
***
Bakı-Tiflis-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnundur:
“Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci ildə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram”.