Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib

Sentyabr 07
16:47 2015

Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.

“BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib.

“Sələf Xəbər” Xəzər Xəbər-ə istinadən bildirir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Fransa istehsalı olan “İveco” avtobuslar 1 saylı xətt üzrə 28 May metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və Koroğlu metro stansiyasına hərəkət edir. Uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.

“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. BakıKart vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni BakıKart terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər BakıKart loqosu olan məntəqələrdən əldə etmək olar.

Dövriyyədə iki növ BakıKart ödəniş kartları – məhdud istifadə üçün kağız BakıKartları və daimi istifadə üçün plastik BakıKartları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

BakıKartla bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər