Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yol hərəkətində və nəqliyyat sistemində yeniliklər gözlənilir

İyun 30
15:41 2015

Nazirlər Kabineti tərəfindən Bakıda yol hərəkəti qaydalarında və nəqliyyat sistemində bəzi dəyişiklik və yeniliklərin tətbiqi ilə bağlı müvafiq qərar veriləcək.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, hələlik paytaxtda “Oyunlar zolağı”, yük avtomobilləri və qeyri-Bakı nömrəli avtomobillərlə bağlı qadağalar qüvvəsində qalacaq: “Nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda Bakı 2015 I Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvəsindədir və sürücülər bu “Oyunlar zolağı” qaydalarına əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər”.

Onun sözlərinə görə, həmçinin, hazırda qeyri-Bakı qeydiyyatlı nəqliyyat vasitələrinin, eləcə də yük avtomobillərinin gündüz vaxtı paytaxta buraxılmasına qoyulan məhdudiyyətlər davam edir: “Bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvəsində qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir”.

Qeyd edək ki, Avropa Oyunları öncəsi bu məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyi elan edilmişdi.

K.Əliyev bildirib ki, bu müddət uzadıla da bilər: “Bu gün əhalinin, Bakı sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, eləcə də paytaxtda nəqliyyat sıxlığının minimuma endirilməsi məqsədi ilə zəruri tədbirlərin keçirilməsinə ehtiyac var. Bu səbəbdən də hazırda Komissiyada müvafiq müzakirələr aparılır. Komissiyanın qərarı açıqlananadək bu məhdudiyyətlər qüvvəsində qalacaq”.

Şöbə rəisi qeyd edib ki, adıçəkilən Komissiyada Bakıda yol hərəkəti qaydaları və nəqliyyat sistemi ilə bağlı bəzi dəyişikliklərin və yeniliklərin edilməsi də müzakirə olunur: “Məsələn, ola bilsin ki, operativ nəqliyyat vasitələri üçün ayrıca zolaq müəyyənləşdirilsin. Təkcə “Oyunlar zolağı” olan yollarda yox, digər yollarda da bu zolaqlar yaradıla bilər. Bundan əlavə, iriqabaritli avtomobillərin paytaxta girişinə, ümumiyyətlə qadağanın qoyulması, yüklərin daşınması və paylanması, bəzi yüklərin gecə saatlarında, bəzi kommunal təsərrüfatlara cəlb olunmuş nəqliyyat vasitələrinin gecə saatlarında xidmət etməsi, bəzi yerlərə ictimai nəqliyyat vasitələrinin sayının artırılması, avtomobillərin ətraf mühitə vurduğu zərər və s. nəzərə alınaraq, ümumiyyətlə nəqliyyat problemlərinin həlli ilə bağlı bəzi yenilik və dəyişikliklərin tətbiq edilməsi ilə əlaqədar müvafiq qərar qəbul olunacağı istisna edilmir”.

Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)

Digər xəbərlər