Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Fevral 18
14:27 2015

Bakı Yol Polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda, piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, – deyə Vaqif Əsədov vurğulayıb.

Yol Polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə, enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir.

V.Əsədov onu da əlavə edib ki, mümkün qədər sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər. Mümkünsə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Qeyd edək ki, bu gündən etibarən respublika ərazisində hava şəraiti dəyişib. Hidrometroloji proqnozlar bürosundan bildirilir ki, bu gün fasilələrlə yağıntı müşahidə ediləcək.

“Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə tədiricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə isti müşahidə olunacaq”, – deyə HPB-nun direktor müavini Gülşad Məmmədova qeyd edib.

Bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənilir.

 Sələf Xəbər: Xatırladaq ki, polis rəhbərin nümayəndəsidir və buna görə müsəlmanlar Allaha itaətsizlik olmayan hallarda polisə tabe olmağa məcburdur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Qurani-Kərim, “Nisa” surəsi, 59).

Digər xəbərlər