Zakir Həsənov: “Düşmən vahimə içindədir” – FOTO
812 dəfə baxılıb
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yeni hərbi hissənin açılışında iştirak edib: “Ermənistan iflic vəziyyətinə düşərək iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir”.
Cəbhəboyu zonada yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilmiş hərbi hissənin açılış mərasimi keçirilib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Müdafiə Nazirliyinin (MN) verdiyi məlumata görə, MN-in rəhbərliyi hərbi hissənin açılışında iştirak edərək yeni istifadəyə verilmiş qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri qeyd edib ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildə bu istiqamətdə görülən işlər bu il də davam etdiriləcək. Z. Həsənov bildirib ki, Silahlı Qüvvələrin şəxsi heyəti də dövlət rəhbərliyi tərəfindən bizə göstərilən bu etimadı doğrultmalı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüş hazırlığını daim artırmalıdır.
“Keçirilən irimiqyaslı təlimlər ordumuzun gücünü və qüdrətini bir daha nümayiş etdirir. Təlimlərə cəlb olunan döyüş texnikası, aviasiya, raket-artilleriya qurğuları və digər vasitələrin istifadəsi ilə yanaşı, ən əsası şəxsi heyətin ruh yüksəkliyini, vətənpərvərlik əzmini, Azərbaycan əsgərinin peşəkarlığını və hazırlığını xüsusi qeyd etmək istərdim. Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, o, vahimə içindədir. Ermənistan iflic vəziyyətinə düşərək iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir. Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni – torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcək”, – deyə Müdafiə naziri bildirib.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.
Cəbhə bölgəsində yerləşən hərbi hissənin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyini əmin edib ki, onlar göstərilən diqqət və qayğıdan, xidmət üçün yaradılan ən müasir şəraitdən ruhlanaraq Ali Baş Komandanın hər bir əmrinə bundan sonra da hazır olacaqlar.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin, dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)