Zakir Həsənov: “Ordumuzun döyüş qabiliyyətini daha da artıracağıq”
936 dəfə baxılıb
Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.
“Sələf Xəbər” Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub.
Yeni hərbi hissələrin açılış mərasimində şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin daim xalqımızın və Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Nazir orduda bütün istiqamətlər üzrə həyata keçirilən islahatların mərhələli surətdə uğurla davam etdiyini, silahlanmaya ən müasir silah-sursatın, digər texniki döyüş vasitələrinin qəbul edildiyini, şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin yüksəldiyini qeyd edib: “Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımız və dövlətimizin etimadını doğrultmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır”.
Son günlər cəbhədə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edildiyini xatırladan müdafiə naziri bundan sonra da müxtəlif istiqamətlərdə qarşı tərəfə sarsıdıcı zərbələrin vurulmasının vacibliyini vurğulayıb.
Z.Həsənov Silahlı Qüvvələrin tələblərinə cavab verən ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalının fəaliyyəti ilə tanış olub.
Tibb xidməti personalı ilə görüşən müdafiə naziri səhra hospitalındakı çeşidləmə, diaqnostika, əməliyyat, reanimasiya, müayinə, komanda-idarəetmə və rabitə bölmələrinə baş çəkib, eləcə də onların fəaliyyəti ilə maraqlanıb.
Həmin gün nazir cəbhə xəttində yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüş hazırlığı, müdafiə zolağının daha da təkmilləşdirilməsi, düşmənin istənilən fəaliyyətinin aşkar edilərək ona qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik etməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)