1-ci sinfə qəbul başladı
920 dəfə baxılıb
Bu gündən Bakı məktəblərinin 1-ci sinfinə qəbul başlayıb.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun “2015/2016-cı tədris ili üçün 1-ci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmrinə əsasən, martın 5-dən ərizələrin elektron qeydiyyatı keçirilir. Ərizəsi elektron qeydiyyatdan keçmiş vətəndaşların övladlarının sənədləri bu gündən başlayaraq, hər bir müəssisədə təmsil olunacaq işçi qrup tərəfindən qəbul ediləcək.
Şagirdlərin 1-ci sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş işçi qrup tərəfindən həyata keçirilir. Məktəb direktorunun rəhbərlik etdiyi qrupun tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndələri daxildir. İşçi qrup 2 mərhələdə fəaliyyət göstərir: I mərhələ 1 maydan 31 may tarixədək, II mərhələ isə 1 avqustdan 15 sentyabra qədər olan dövrü əhatə edir. İşçi qrupu sənədləri hər həftənin I-VI günləri (bayram günləri istisna olmaqla) saat 10:00- dan 15:00- dək qəbul edir.
1-ci sinfə elektron ərizə verən valideyn şagird qəbulu üçün müvafiq sənədləri işçi qrupa təqdim edir. Təqdim edilən sənədlər tələblərə tam uyğun olduğu halda işçi qrup uşaqla tanışlıq müsahibəsi aparır. Müsahibə prosesində əsas diqqət uşağın fiziki və əqli inkişafının və təlim dilini (seçdiyi bölməyə uyğun) bilmə səviyyəsinin qiymətləndirilməsinə yönəldilməlidir. İşçi qrupun üzvlərində uşağın normal inkişafı barədə rəy formalaşdığı halda sənədlər qəbul edilir və valideynə bu barədə qəbz verilir. Uşağın hansı müəllimin sinfində təhsil alması barədə valideynin arzusu öyrənilir və bu haqda müvafiq reydlər edilir. Lakin valideynə hökmən izah edilməlidir ki, bu yekun seçim hesab edilə bilməz və şagirdlərin siniflərdə konkretləşdirilməsi yalnız avqust ayı ərzində həyata keçiriləcək.
İşçi qrupun fəaliyyətinin I mərhələsində sənədləri qəbul edilən şagirdlərin valideynlərinə övladının məktəbə qəbulu barədə qərarın mayın 31-də qəbul ediləcəyi və bu barədə elektron bildirişlərin SMS-lə telefonuna və ya e-mail ünvanına göndəriləcəyi barədə xəbərdarlıq edilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)