2100-cü ildə dünya əhalisinin sayı 11 milyarda çatacaq
1. 075 dəfə baxılıb
“Sələf Xəbər” İctnews-a istinadən Birləşmiş Millətlər Təşkilatı (BMT) və Vaşinqton Universitetinin alimlərinin hesabatını yayıb.
Hesabatda bildirilir ki, planet əhalisinin sayının artımı 2015-ci ildən sonra stabilləşməyərək XXI əsrin sonunadək davam edəcək. 2100-cü ildə Yer kürəsi əhalisinin sayının 11 milyard nəfər təşkil edəcəyi gözlənilir. Bu, əvvəllər hesab edildiyindən 2 milyard çoxdur. Hesabat “Science” jurnalının sonuncu buraxılışında verilib.
Tədqiqatçılar BMT tərəfindən iyulda təqdim olunan son statistik məlumatları təhlil ediblər. 80 faizlik ehtimalla Yer kürəsinin əhalisi əsrin sonunadək 7,2 milyarddan 9,6-12,3 milyardadək artacaq. 1990-cı ildən demoqraflar arasında 9 milyardlıq göstəriciyə nail olunacağı təqdirdə planet sakinlərinin sayının stabilləşməsi və ya azalması ilə bağlı fikir geniş yayılıb.
Daha çox artım Afrikada gözlənilir. Bu qitənin sakinləri dörd dəfə – 1 milyarddan 4 milyardadək artacaq. Məsələ ondadır ki, demoqrafların proqnozlarının əksinə olaraq qitədə doğuş səviyyəsi azalmır. Bundan əlavə, Afrika ailələrinin çoxuşaqlı (hər ailədə orta hesabla 4-6 uşaq) olmasının səbəblərindən biri hamiləliyin qarşısını alan dərmanların çatışmazlığı ilə əlaqədardır. Digər səbəb Afrikada QİÇS-dən ölüm hallarının azalmasındadır.
Digər qitələrdə vəziyyətin stabil olacağı proqnozlaşdırılır. Asiyada artımın hazırkı 4,4 milyarda nisbətdə ən yüksək həddi 2050-ci ildə olacaq (5 milyard nəfər), daha sonra əhalinin sayı azalmağa başlayacaq. Şimali Amerika, Avropa, Cənubi Amerika əhalisinin sayının qitələr üzrə 1 milyarddan az olacağı ehtimal edilir.
“Əvvəlki proqnozlar konkret ssenarilərə əsaslanıb və bu səbəbdən orada qeyri-müəyyənlik olmayıb. Bizim apardığımız tədqiqat statistik baxımdan daha əsaslıdır və biz praktiki tədbirlərin hazırlanması üçün faydalı
olacaq inandırıcı interval təqdim edirik”, – BMT demoqrafı Patrik Qerland qeyd edib.
Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə).
Məhz buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).
Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).