“Ağıllı” namaz xalçası
1. 288 dəfə baxılıb
Dağıstanlı gənc sensorlu namaz xalçası ixtira edib.
“Sələf Xəbər”in rusdilli saytlara istinadən xəbərinə görə, Mahaçqala sakini Eldar Klıçev namaz zamanı səcdə hərəkətini saya bilən namaz xalçası ixtira edib.
Müsəlmanlar gündə bir neçə səcdə və rüku sayından ibarət olan 5 vaxt namaz qılırlar. Namaz zamanı səcdə və rüku sayına diqqət etmək vacibdir. İbadət edən şəxslər üçün isə bu namaz xalçası səcdə sayında səhv etməməyə kömək edəcək.
Bu qeyri-adi xalçanın baş hissəsinə sensor cihaz yerləşdirilib. Səcdədə xalçanın baş tərəfinə tikilən cihaz alının hər ikinci toxunuşu zamanı siqnala çevrilərək xalçanın yuxarı sağ küncündəki hesablayıcıya ötürülür. Hər ikinci rəkat və yerinə yetirilmiş rəkatlar rəqəm şəklində xalçanın sağ küncündəki ekranda görünür.
Namaz qılan şəxs düzgün namaz istiqaməti almadığı halda da sensorlar vibrasiya edərək, xəbərdarlıq siqnalı verir.
Hal-hazırda Klıçev xalçanın geniş istehsalına başlamaq üçün investor axtarır. İstehsal üçün iki milyon rubl (15.000 $) lazım olduğunu bildirən gənc ixtiraçı xalçanın təxmini dəyərinin 400 rubl (6 $) olacağını da qeyd edib.
Namaz xalçası əksər müsəlmanların diqqətini çəkdiyi üçün layihənin müəllifinə alıcı müraciətləri artmağa başlayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar, o kəslər ki, namazlarında mütidirlər, …O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar”. (Qurani-Kərim, “Muminun” surəsi, 1-2, 9-cu ayələr)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə buyurmuşdur: “Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?” Ona qulaq asanlar: “Xeyr, ey Allahın Elçisi! Heç bir şey qalmaz” dedilər. Peyğəmbər: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” – deyə buyurdu”. (Buxari, 15775)