Alimlərimizdən küçələrin işıqlandırılmasına təklif
958 dəfə baxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin alimləri küçələrin işıqlandırılmasında istifadə etmək üçün LED işıq-diod mənbələrinin prototiplərini təqdim ediblər.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu Mərkəzdən deyiblər.
Söhbət hazırda küçələr, prospektlər, binaların fasadlarının və s. işıqlandırılmasında istifadə edilən lampaları əvəz edə bilən, enerji baxımından səmərəli və ekoloji təmiz işıqlandırma mənbələrindən gedir.
Mərkəzdən qeyd ediblər ki, işıqlandırma qurğularının korpuslarını dəyişmədən istifadə edilə bilən prototiplər hazırlanıb: “LED-in işıqlandırma parlaqlığı ənənəvi lampalardan geri qalmır. LED-in küçənin işıqlandırılmasında praktiki tətbiqinə hökumətin qərarından sonra başlana bilər”.
Mərkəzin Gəncə Alüminium Zavodu və Sumqayıt Günəş Panelləri Zavodunun müəssisələrində mümkün LED istehsalına başlanılması barədə təklifi baxılması üçün hökumətə təqdim edilib.
Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzindən əlavə ediblər ki, LED istehsalının platforması qismində Yüksək Texnologiyalar Parkının çıxış etməsi istisna edilmir: “Azərbaycan layihəyə xarici sərmayədarların cəlb edilməsində maraqlıdır və belə sərmayədarlardan biri qismində Koreyanın LG şirkəti çıxış edəcək”.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)