Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır
705 dəfə baxılıb
Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 94 min 300 nəfər və ya 1% artaraq 2015-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 687 min 300 nəfərə çatıb.
“Sələf Xəbər” Ekspress.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 138,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulan körpələrin 53,3%-ni oğlan, 46,7%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2516-sı əkiz, 72-si isə üçəmdir.
Ədliyyə nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.
Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı”. (Qurani-Kərim, “Əraf” surəsi, 86-cı ayə)
Məhz buna görə, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm”. (Əbu Davud)
Xalqın çoxluğu, həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq”. (Qurani-Kərim, “İsra” surəsi, 6-cı ayə)