Azərbaycan saatlarla internetsiz qaldı
760 dəfə baxılıb
“Hətta müharibə başladığını da iddia edənlər tapılırdı”.
Ölkədə internetin bu qədər geniş yayıldığı bir vaxtda birdən-birə şəbəkəyə çıxışın dayanması partlayan bomba effekti yaratdı.
Ötən gün 16:10 radələrində Azərbaycanda virtual həyat tamamilə dayandı, dondu.
“Sələf Xəbər” Oxu.az-a istinadən məlumat verir ki, internet şəbəkəsinə çıxış isə altı saat davam edən təmir işlərindən sonra, saat 22:30 radələrində bərpa olundu.
Nəzərə alsaq ki, bu gün Azərbaycanın maliyyə, bank sistemi, əsas KİV və bir sıra digər sahələrin fəaliyyəti üçün internetin olması əsasdır, bu sahədə yaranmış 6 saatlıq fasilənin insanlarda hansı hisslər oyatdığını başa düşmək o qədər də çətin olmaz.
İlk vaxtlarda əhali ölkədə fövqəladə hadisənin baş verdiyini güman edir, hətta müharibə başladığını da iddia edənlər tapılırdı.
Müəyyən istisnalar olmaqla, 9 milyon əhalinin yaşadığı bir ölkə dünya ilə bağlantısını belə bir şəkildə itirmişdi. Yalnız Nar kimi mobil operator, yaxud Bakinternet kimi provayderlərin abonentləri dünya ilə əlaqəni kəsməmişdilər, digər ölkə üçün qəflətən dibi görünməyən informasiya vaakumu yarandı.
Əslində ölkə miqyasında baş verən bu fəlakətin nəticəsini göstərən amil də elə budur – nə bank, nə onlayn ödəniş, nə də pos-terminallar sistemi işləmədi, Nar abonentləri yaxud Bakinternet istifadəçilərini çıxmaqla, yerdə qalan əhali bir növ “kor” oldu.
Əlbəttə, baş verən bu hadisə ölkədə mütləq şəkildə əlavə, ehtiyat server şəbəkələrinin qurulmasını zəruri edir.
Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alaraq, informasiya təhlükəsizliyinin təmin edilməsi birinci dərəcəli məsələlərdəndir və ümid edirik ki, baş vermiş hadisədən sonra, gec də olsa, bu istiqamətdə vacib tədbirlər görüləcək.