Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda kosmik hava ilə məşğul olan ilk xüsusi mərkəz

May 21
13:56 2015

Azərbaycanda ilk dəfə olaraq Kosmik Hava Mərkəzi yaradılır.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, rəsədxananın ərazisində inşa olunan Kosmik Hava Mərkəzinin səkkizguşəli binasının tikintisi artıq yekunlaşıb. Mərkəzin bu ilin sonuna kimi tam şəkildə işə başlayacağı gözlənilir.

Mərkəzin binasının damı anten və digər qəbuledici cihazların yerləşdirilməsi üçün xüsusi şəkildə düzəldilib. Binanın daxilində – döşəmədə isə maqnitometrin qoyulması üçün xüsusi bir “yuva” da nəzərdə tutulub. Maqnitometr Yerin maqnit sahəsinin fluktuasiya edən komponentini ölçməyə imkan verəcək.

E.Babayev deyib ki, mərkəzə kosmik hava monitorinqi ilə bağlı ən müasir cihazların gətirilməsi nəzərdə tutulur. Artıq bir neçə cihaz mövcuddur. Hazırda ABŞ-ın Stenford Universitetindən gətirilmiş çox aşağı tezlikli (VLF) elektromaqnit dalğalarını qəbul edən cihaz uğurla işləyir.

Rəsədxananın direktor müavininin sözlərinə görə, belə cihazların şəhər mühitindən uzaqda yerləşdirilməsinin böyük əhəmiyyəti var. Çünki belə cihazlar, adətən, böyük şəhərlər daxilində, hətta onun ətrafında yerləşdirilərsə, texnogen xarakterli təsirlər düzgün elmi nəticələrin ortaya çıxmasına mane olur.

E.Babayev qeyd edib ki, bu mərkəz həm kosmik hava sahəsində elmi məsələlərin araşdırılması, həm də elmin kütləviləşdirilməsi istiqamətində mühüm rol oynaya bilər. Mərkəz fəaliyyətə başladıqdan sonra Günəşdə baş verən prosesləri, alışmaları, Günəşdən olan tac atılmalarının, geomaqnit qasırğalarının təsirlərini real şəkildə izləmək mümkün olacaq. Bunlar isə düzgün olmayan elmi məlumatların yayılmasının qarşısını alacaq.

Onun sözlərinə görə, son 30-40 il ərzində formalaşan kosmik hava termini Günəşdə baş verən dəyişiklikləri, əsasən, Günəş fəallığını, Günəş fəallığının təzahürləri olan geomaqnit fəallığını, kosmik şüalar fəallığını, bunların planetlərarası fəzada, xüsusi halda isə Yerüstü və Yerətrafı fəzada fəaliyyət göstərən texnoloji sistemlərə, Yer üzərində olan bütün bioloji sistemlərə, o cümlədən insana təsirini özündə ehtiva edən böyük bir anlayışdır. Mərkəz tərəfindən kosmik hava proqnozlarının verilməsi Günəşdə baş verən dəyişikliklərin adıçəkilən sistemlərə olan təsirlərini minimuma endirə biləcək.

Kosmik texnologiyaların inkişafı ilə bu sahəyə marağın getdikcə artdığını deyən E.Babayev bildirib ki, Günəşdə baş verən dəyişikliklərlə bağlı Azərbaycanda kompleks şəkildə işlər yalnız son 10-15 il ərzində aparılmağa başlanıb. Hazırda Azərbaycanda bu sahədə demək olar ki, məktəb yaranıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Qurani-Kərim, “Mülk” surəsi, 3,4-cü ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930