Azərbaycanda talassemiyanın ən çox yayıldığı bölgələr
840 dəfə baxılıb
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən, 300 min talassemiyalı xəstə var.
Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır.
“Sələf Xəbər”in Modern.az-a istinadən məlumatına görə, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd edilib ki, hər il Azərbaycanda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir.
Son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunu tətbiq edilməsi barədə” Prezident fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.
Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanıb.
Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər görülməsinə zərurət yaranıb. Bu məqsədlə respublikada maarifləndirmə, sosial səfərbərlik tədbirləri, xüsusən, risk qruplarını müəyyən etmək üçün nikaha daxil olmaq istəyən şəxslərin əvvəlcədən tibbi müayinədən keçməsi kimi tədbirlərə ehtiyac var.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
Talassemiyanın profilaktikasının gücləndirilməsi və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsi;
Talassemiya daşıyıcılarının aşkar edilməsi üçün laboratoriya müayinələrinin genişləndirilməsi;
Talassemiya daşıyıcılarına və talassemiyalı xəstələrə həkim məsləhətinin təşkili;
Müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sisteminin təşkili;
Dölün prenatal diaqnostikasının təşkili;
Əhalinin talassemiyaya dair maarifləndirilməsi və sosial səfərbərliyi.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanın başına gələn elə bir yorğunluq, xəstəlik, kədər, hüzün, əziyyət, qəm, hətta ayağına batan elə bir tikan yoxdur ki, Allah bununla bəzi günahlarını bağışlamasın”. (Buxari, Mərda, 1; Müslim, Birr, 49)